Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Tovuzun qədim türklərin yaşayış məskəni olması, bu bölgədə türk soyunun ənənəvi hakimliyi inkaredilməz həqiqətdir. Tovuzun qədim tarixi abidələri sırasına neolit dövrü abidəsi (e.ə VI əsr) “Göytəpə” qədim yaşayış məskəni, “ Torpaqqala”, “Köhnəqala”, “Sultan körpüsü”, “Tağlı körpü”, “Koroğlu qalası”, “Haçaqaya”, Kürboyu alban məbədləri və s. aid etmək olar.

XIII əsrin əvvəlində, monqolların Azərbaycana yürüşü zamanı (1231-1239) Tovuz artıq böyük yaşayış məskəni şəhərə çevrilmişdir və monqollara layiqli müqavimət göstərmişdir.

I Şah İsmayıl (1501-1524) dövründə Tovuz və ona  bitişik ərazilər Zülqədər tayfasının bir qolu hesab olunan Şəmşəddil tayfasının irsi mülkiyyətinə verildi və inzibati cəhətdən Qarabağ (mərkəzi Gəncə idi) bəylərbəyliyinə tabe idi. Şəmşəddil mahalı Zəyəmdən qərbə, indi mənfur, üzdəniraq ermənilərə aid olan bir sıra yaşayış məntəqələrini də əhatə etməklə  Qazağa qədər torpaqları əhatə edirdi və sonradan Sultanlığa çevrildi və XVIII əsrin ortalarına qədər müstəqil idi. XVII əsrin əvvəlində Şəmşəddilli Səlim  xan Səfəvilərin köməyi sayəsində Axalsikini Osmanlı qoşunlarından geri ala bilmiş və Qazax-Şəmşəddil sultanlığına qatmışdı.

1736-ci ildə Nadir Şah elan edildikdə ona qarşı etiraz edən Şəmşəddil sultanları Qazax və Borçalı əraziləri ilə birlikdə Qarabağ bəylərbəyliyindən alınıb Kartli çarı Teymuraza  verilmişdir. Bəylərbəyi Uğurlu xan Ziyadoğlu isə Qarabağın Kəbirli, Cavanşir  tayfaları ilə Xorasana  sürgün edildi. Xanlıqlar dövründə  gah müstəqil, gah da bu və ya digər  xanlıqdan asılı olan Tovuz-Şəmşəddil ərazisi 1752-ci ildə Şəkili Hacı Çələbi xanın Şəmkir yaxınlığında Kartli çarı II İrakli üzərində qələbəsindən sonra geri qaytarılsa da XVIII əsrin sonlarında yenidən II İraklinin vassallığına keçdi.

Həmin dövrdən Qazax-Şəmşəddil sultanlığı adlanan bu ərazi 1801 –ci ildə Şərqi Gürcüstanla birlikdə Rusiyaya ilhaq olundu. 1819-cu ildə sultanlıq ləğv olundu. Ərazi isə  Qazax və Şəmşəddil müstəqil məntəqələri-distansiyalarına bölündü. 1828-1840-cı  illərdə rus komehdantları tərəfindən idarə edilən  Şəmşəddil ərazisi 1844-cü ildə Gəncə qəzasının tərkibində Gürcüstan-İmeretiya quberniyasına tabe olub Rusiyanın ixtiyarında idi. Çarizmin vergi  siyasətnə qarşı 1844-1845-ci illərdə  Şəmşəddil kəndlilərinin etirazları Zəyəmdə xüsusilə  qüvvətli idi və çətinliklə çar qoşunu tərəfindən yatırıldı.

1883-cü ildə Bakı-Tiflis dəmiryolunun çəkilməsi Tovuzun iqtisadi inkişafında əhəmiyyətli rol oynadı.

1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra Şəmşəddil-Tovuz  ərazisində də milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi  işi sürətləndirildi. Qori, sonra isə Qazax müəllimlər seminariyalarının əraziyə yaxın olması bölgədə ziyalıların xüsusi çəkisinin artmasında mühüm rol oynadı.

SSRİ tərkibində Azərbaycan SSR yaradıldıqdan sonra,1930-cu ilin  avqustunda  Tovuz rayon inzibati vahidi təşkil olundu, 1963-cü ildə ləğv edilərək ərazisi Qazax rayonuna verildi, lakin bir il sonra, 1964-cü ildə yenidən  müstəqil rayona çevrildi.  1947-ci ildə Tovuza, 2012-ci ilin aprel ayında Qovlar qəsəbəsinə şəhər statusu verilmişdir.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra, Tovuz rayonu da bir  tərəfdən sevinc yaşadı, digər tərəfdən isə, xain ermənilərlə 69 km ümumi sərhəddə böyük narahatlıqlar başlandı, müharibənin ağrı-acısını yaşadı. Məlum  münaqişə dövründə Tovuzun yüzlərlə igid övladı düşmən gülləsindən şəhid oldu, bir qarış torpağını mənfur düşmənə vermədi.

Tovuzun Naiq Nəsir oğlu Yusifov və Qasım Qara oğlu Rzayev kimi milli qəhrəmanları gənclərin vətənpərvərlik nümunəsidirlər.

Tovuz rayonu 43 inzibati ərazi dairəsindən ibarətdir. Rayonun ümumi ərazisi 194209 hektardır. Bundan 118382 ha torpaq sahəsi Dövlət mülkiyyətində, 45689 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində, 30138 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaqlardır.  Rayon ərazisinin 30609 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi fısdıq, vələs, palıd, ağcaqayın və.s dağ meşələridir.

Rayonun ən iri yaşayış məntəqələri Tovuz şəhəri (ərazisi 912 hektar, əhalisi 21180 nəfər), Qovlar şəhəri ( ərazisi 5691 hektar, əhalisi 15246 nəfər), Əyyublu kəndi (ərazisi 5430 hektar, əhalisi 11930 nəfər), Aşağı Quşçu kəndi (ərazisi 3257 hektar, əhalisi 10940 nəfər) və sairdir. Rayonun 9 inzibati ərazi dairəsi 69 km məsafədə bilavastə Ermənistanla həmsərhəddir.

Keçidlər