Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları evlərində ziyarət olunub

08 mart 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ziyarət olunub. Fərdi qaydada şəhid ailələrinə evlərində baş çəkən məsul şəxslər şəhid anaları, şəhidlərin ömür-gün yoldaşları ilə görüşərək onlara rayon rəhbərliyinin ən xoş arzularını çatdırıblar. Görüşlərdə qeyd olunub ki, Vətən üçün canlarından keçən övlad böyüdən qadınlarımız qarşısında baş əyirik, onlar ən yüksək ehtirama layiqdirlər və həmişə onların yanındayıq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Hər il ənənəvi olaraq 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edən Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, müstəqil Azərbaycanın qazandığı bütün  uğurlarda qadınların xidmətləri əvəzsizdir. Azərbaycan qadını zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. 2020-ci il sentyabr ayının 27-dən başlayıb 44 gün davam edən Vətən Müharibəsində əldə olunan Böyük Qələbə məhz Azərbaycan qadınının böyütdüyü igid əsgərlərimizin və zabitlərimizin qəhrəmanlığı nəticəsində mümkün olmuşdur. Azərbaycanın Zəfər tarixini yazan bu gənc nəsil ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında müstəsna rol oynamışdır.

Fərdi görüşlərdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirən şəhid ailələrinin üzvləri qəhrəmanlarımız haqqında öz xatirələrini danışmışlar.

Keçidlər