Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 3 yeni məktəb binasının təqdimatı olmuşdur

15 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi Azərbaycanda təhsilin inkişafına, gənc nəslin formalaşmasına layiqli töhfələr vermişdir. Bu misilsiz layihə cəmiyyətdə böyük məmnunluq yaratmışdır.

Həmin layihənin icrası çərçivəsində Tovuz rayonunda 624 şagird yerlik Tovuz şəhər A.Qasımov adına tam orta məktəb üçün yeni müasir məktəb kompleksi binası tikilmiş, 624 şagird yerlik Köhnəqala kənd Ş.İ.Xətai adına tam orta məktəbi və 620 şagird yerlik Dondar Quşçu kənd tam orta məktəbinin binaları əsaslı şəkildə təmir olunaraq yenidən inşa olunmuş və müasir standartlar səviyyəsinə çatdırılmışdır.

Yeni tədris ilinin başlanması və Bilik günü ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov Tovuz rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər.

Sonra yeni tədris ilinə istifadəyə hazır olan həmin yeni məktəb binalarının təqdimatı olmuşdur.

Yeni inşa olunan məktəb binalarında sinif otaqları ilə yanaşı idman zalı, akt zalı, labaratoriyalar, komputer otağı və yeməkxana da yaradılmışdır. Müasir avadanlıqlarla təchiz edilmiş biologiya, fizika, kimya labaratoriyaları və digər zəruri bölmələr burada təlim-tərbiyəni ən müasir tələblər səviyyəsində qurmağa imkan verir. Ona görə də cənab Prezidentin pedaqoji kollektivlər, məktəb və valideyn qarşısında qoyduğu belə tələb bir daha vurğulanmışdır ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli mənəvi dəyərlər əsasında tərbiyə olunmalıdır.

Heydər Əliyev Fondu tərəfindən 2020-2021-ci tədris ili üçün ümumi şagird sayı 1868 olan belə 3 müasir məktəb kompleksinin tikilməsi sərhəd bölgəsində yerləşən tovuzlulara edilən ən böyük hədiyyədir. Qədirbilən tovuzlular bu qayğıya və göstərilən yüksək etimada layiqincə cavab verəcək, Vətənə öz sədaqətləri ilə nümunə olacaqlar.

Keçidlər