Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndində sakinlərlə səyyar qəbul-görüş keçirilib

22 oktyabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Ağdam kəndində  keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Orxan Mürsəlov səyyar qəbul-görüşdə iştirak etmişdir.

Rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, bu günkü inkişafından danışmış, əldə olunan nailiyyətlərdən və uğurlardan bəhs etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı, ordu quruculuğu və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, möhtərəm cənab Prezidentimizin tapşırığı ilə müntəzəm olaraq yerlərdə səyyar qəbullar-görüşlər keçirilməsində məqsəd  insanların yanında olmaq, onları  maraqlandıran məsələlərin həllinə kömək göstərməkdən ibarətdir.

Sonra Rayon rəhbəri yerli sakinlərə müraciət edərək onları narahat edən məsələlərlə, eyni zamanda  kəndin sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı  aktivlik göstərməyə çağırmışdır.

Çıxış edən sakinlər təmas xəttində rahat yaşayıb işlədiklərini, ordu ilə xalq arasında qarşılıqlı inam və birlik olduğunu qeyd edərək təhlükəsizlikləri təmin olunduğu üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Kənd sakinləri Ağdam kəndinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi, ərazidə torpaq islahatının yenidən aparılması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, ünvanlı sosial yardım, içməli və suvarma su məsələsi, evinin təmiri, kəndə ixtisaslı həkim təyinatı, elektrik təsərrüfatının yenilənməsi və digər məsələlərlə bağlı müraciətlər etmişlər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə səyyar-qəbul görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, yerli təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər