Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilmişdir

05 oktyabr 2019 | 16:00

Tədbirdən əvvəl Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilmişdir.
  “Ayan Palace” otelinin ziyafət zalında keçirilən bayram tədbirində qabaqcıl müəllimlər, məktəb direktorları, təhsil işçiləri, müharibə və əmək veteranları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər. Tədbiri Y. Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin müəllimi Vüsalə Əhmədova  açaraq qeyd etmişdir ki, 5 oktyabr Beynəlxalq Müəllimlər Günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir.  Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu gün Tovuz rayon icra hakimiyyətinin təşkilatçılığı ilə müəllimlərin peşə bayramını qeyd etmək üçün bu möhtəşəm saraya toplaşmışıq.
İlk öncə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov rayon müəlimlərinin Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik etmişdir. Qeyd etmişdir ki, Müstəqil  Azərbaycan təhsilinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyatımızın bütün sahələri kimi təhsilimiz də tərəqqiyə qovuşdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci-vitse prezident Mehriban xanım Əliyeva təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsinə daim böyük qayğı göstərirlər. Azərbaycanda təhsillə bağlı çoxlu sayda  Dövlət Proqramları qəbul olunmuşdur.  İndi ölkəmizdə təhsil Dövlət Strategiyasına çevrilmişdir. Ölkəmizdə neft kapitalının insan kapitalına  çevrilməsi istiqamətində   bütün tədbirlər uğurla həyata keçirilir.
Tovuz rayonunda da dövlətimizin qayğısı ilə təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəblərin tikintisi uğurla aparılır və bu işlər indi də mərhələlərlə icra olunur. 2003-2019-cu illərdə 47  ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılmış, o cümlədən 26 məktəb inşa olunmuş, 10 məktəb əsaslı təmir edilmiş və ucqar dağ kəndlərində 11 modul tipli məktəb quraşdırılmışdır.    Bu  il   isə  Alakol  kəndində müasir məktəb kompleksinin təntənəli  açılışını etdik. Bütün bunlar Azərbaycan dövlətinin təhsilə qayğısının  bariz nümunəsidir. 
Təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun təşəbbüsləri də yüksək dəyərə malikdir. Fondun təşəbbüsü və dəstəyi ilə Cəlilli, Əsrik Cırdaxan və Alakol kəndlərində yeni məktəb binaları  tikilmiş, hazırda Bozalqanlı kəndində 5 korpustdan ibarət 1200 şagird yerlik məktəb binası tikilməkdədir, Aşağı Quşçu  və  Köhnəqala kəndlərində  məktəblər əsaslı təmir olunur. Rayon üzrə  26 məktəbdə lokal istilik sistemi quraşdırılmışdır.
Təhsil sahəsində islahatlar uğurla həyata keçirilir. Müəllimlərin biliklərinin dioqnostik qiymətləndirilməsindən sonra əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması dövlət qayğısının nəticəsidir. İndi müəllimlərin, məktəb diroktorlarının işə qəbulu şəffaf qaydada aparılır. Şagirdlərin biliklərinin qiymətləndirilməsində tətbiq olunan mexanizmlər, ali və orta ixtisas məktəblərinə qəbulun təşkili ortaya yalnız bircə meyar qoyur. Bu da daha çox oxumaq, mükəmməl biliklərə yiyələnmək və savadlı olmaq meyarıdır.
Bu ilki nailiyyətlərimiz müəyyən qədər vardır. Bu il  XI sinifi bitirmiş 567 nəfər mülkü, 27 nəfər ali hərbi məktəblərə qəbul olmuşdur. 17 nəfər 600-dən çox bal toplamışdır. Məzunlarımızdan ikisi - A. S. Puşkin adına məktəb-liseyin yetirmələri Eşqin Həsənov  675 bal və Aqşin İsgəndərzadə isə 671 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmişlər.  Sevindirici haldır ki, onlar Prezident təqaüdünə layiq görülmüşlər.
Tədrisin təşkilində fərqlənən məktəblərimiz vardır. Qaraxanlı kənd tam orta məktəbinin XIa sinifini bitirmiş 23 nəfər, Y. Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin XIb sinfini bitirmiş 15 nəfər, Çatax kənd tam orta məktəbinin XI sinifinin bitirmiş 4 nəfər məzunun hamısı yüksək ballarla  ali məktəblərə daxil olmuşlar.
Tovuz təhsili həmişə öz ənənələri ilə seçilib. Bizim qabaqcıl maarif xadimlərimiz Azərbaycanda böyük şöhrətə sahib olublar. Onların yetirmələri respublikanın ən səriştəli və peşəkar kadrları kimi daim nüfuz qazanmışdır. Uzun illər boyu bizim adlı-sanlı müəllimlərin uğurları Azərbaycanın sərhədlərini aşaraq hər yerə yayılmışdır. Həmin uğurların bu gün də davam etməsini istəyirik. Bilirik ki, gənc müəllimlərimiz tovuzlu təhsil korifeylərinin işlərini layiqincə davam etdirəcəklər.
Müəllimlərin bu peşə bayramı ərəfəsində bizim üçün çox fərəhləndiricidir ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əyyublu kənd tam orta məktəbin müəllimi Abbas Abbasov “Tərəqqi” medalı ilə təltif edilmiş, Aşağı Quşçu kənd tam orta məktəbinin müəllimi Ulduzə Alıyeva “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Bu, əslində Tovuz təhsil işçilərinin əməyinə verilən yüksək qiymətdir. Mən onların hər ikisini ürəkdən təbrik edirəm!
Bizim həyatda hər birimizin öz müəllimimiz vardır. Hamımızı müəllim yetişdirmişdir. Necə ki, övlad öz ata-anasının borcunu heç vaxt qaytara bilmir, müəllimlərimizin də bizə çəkdikləri zəhməti, onların qəlbinin hərarətini, gözünün nurunu heç vaxt geri qaytara bilmərik. Biz o vaxt o borcu mənən qaytarmış oluruq ki, həyatda layiqli yerimizi tutub millətə, Vətənə xeyir vermiş oluruq.
Müstəqil Azərbaycan Respublikasının  layiqli vətəndaşlarının yetişdirilməsi sizin hər birinizdən asılıdır. Valideynlər öz övladlarını sizlərə etibar etmişdir. İnanırıq ki, siz bu şərəfli vəzifənizin öhdəsindən  bundan sonra da layiqincə gələcəksiniz. Bu çətin və çox məsuliyyətli işinizdə  sizin hər birinizə nailiyyətlər arzu edirəm.
Bayram tədbirində E. Alıyev adına Əyyublu kənd tam orta məktəbin direktoru Elşad Kərimov, Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın  müəllimi  Leyla Babayeva, H. Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbinin  gənc müəllimi Elçin  Qasımov, M. Ələkbərov adına  Tovuz şəhər tam orta məktəbin direktoru Sadıq    Rəhimov, İ. Bayramov adına Aşağı Quşçu kənd orta məktəbin müəllimi Gülarə Abuzərova, Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbin müəllimi Aliyə Müseyibova, rayon ictimaiyyətinin nümayəndəsi Mücaməddin Axundov, ağsaqqal Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Cavadoğlu çıxış edərək Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından, xüsusilə Heydər Əliyev Fondunun təhsilin inkişafına verdiyi töhfələrdən,   son dövr həyata keçirilən sosial islahat paketlərindən, müəllimlərin əmək haqqlarının və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən konkret tədbirlərdən geniş bəhs etmişlər. Müəllimlərin əməyinə verilən yüksək dəyərə görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Müəllimlərin peşə bayramı günü təhsil sahəsində fərqlənən bir qrup müəllimə rayon İcra hakimiyyətinin Fəxri Fərmanı verilmişdir.
Rəsmi hissədən sonra müəllimlər ziyafət süfrəsi arxasında rayonun incəsənət ustalarının hazırladıqları geniş konsert proqramına tamaşa etmişlər.

 

Keçidlər