Xalq qəzeti- Koxanəbinin dağ dəyanəti
“Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.”
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin elə həmin gün yaydığı bu məlumatla tanış olmasaydım yəqin ki, Koxanəbi kəndinə hələ yolum düşməyəcəkdi. Bilirdim ki, bu kənd Tovuzun Ermənistanla ən yaxın sərhəd kəndidir. Ola bilər ki, rayonun Qaralar kəndi məsafəcə Koxanəbidən də yaxındır. Lakin fərq ondadır ki, Qaralarda yüksəklik bizdə, Koxanəbidə isə ermənilərdədir.
Sonuncu dəfə Koxanəbidə kəndə asfalt yol çəkilərkən olmuşdum. Yadımdadır, o zaman kənd camaatı ölkə Prezidentinin “Tovuz rayonunun Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 4 mart 2020-ci il tarixli Sərəncamını necə böyük ruh yüksəkliyi, sevinc və razılıq hissi ilə qarşılamışdı. Tovuz rayonunda digər sahələrlə yanaşı 1 şəhər və 4 kəndi əhatə edən, ümumi uzunluğu 36 kilometr olan bu yolun əsaslı şəkildə yenidən qurulması və istifadəyə verilməsi adamları uzun illərin yolsuzluğundan birdəfəlik xilas etmişdi.
...Koxanəbinin girəcəyində kəndin icra nümayəndəsi Sadiq Abulovla görüşüb hal-əhval tutduqdan sonra bir qədər yuxarı, yamaca tərəf qalxırıq. Sadiq 10 ilə yaxındır ki, icra nümayəndəsidir, kənddə kimin nə problemi var əzbər bilir. Bir azdan onun çağırışı ilə kənd sakini Eldəniz Məmmədov da bizə çatır, tanışlıq verir. Eldənizin cəmi 43 yaşı olmasına baxmayaraq, artıq 6 övladı var. Təsərrüfatla, əkin-biçinlə məşğul olur... Bizdən də yuxarı qalxıb ermənilərin yüksəklikdəki bir-birindən aralı postlarını göstərir. Aşağıya baxanda Koxanəbi, sanki, ovcunun içindədir:
– O qədər yaxındırlar ki, evdə uşağımızı çağıranda eşidib onlar səs verir, deyə Eldəniz acı-acı gülümsəyərək başını bulayır, lakin kənddə heç kim onlara əhəmiyyət vermir. Hamı təsərrüfatla məşğuldur. Koxanəbidə yaxşı qarğıdalı yetişir. Kartof da əkən az deyil. Bizim Azər Məmmədovu həmin postların birindən atəş açaraq öldürüblər, bunu heç vaxt unutmuruq. Səhv etmirəmsə, 1995-ci ilin fevral ayı idi. Onda mənim 17, Azərin isə cəmi 20 yaşı vardı. Namərd düşmən gülləsi gəncin həyatına son qoydu. Hərbçi idi. Kənddə traktorun içində vurmuşdular. Azər bizim Birinci Qarabağ müharibəsində ilk şəhidimizdir, şəhərdəki Şəhidlər Xiyabanında dəfn olunub. Kəndin başqa bir sakini də yaramaz qonşuların açdığı atəş nəticəsində həyatını itirmişdir.
Bir azdan Azər Məmmədovun anası Gülşən Məmmədova ilə oğlunun adına olan bulağın yanında görüşürük:
– Əvvəllər bizim kənddən 20 kilometr aralıda olan rayon mərkəzindəki Şəhidlər Xiyabanına tez-tez gedirdim, oğlumun məzarını ziyarət edirdim, amma indi yaşlaşmışam, onun iyini bu bulaqdan alıram. Evimiz də odur bax, lap yaxında, 20 metr aralıdadır, – deyə G. Məmmədova dərindən köksünü ötürür, gözlərinin kənarlarında donub qalan yaşı əli ilə ehmalca silir, – sağ olsun dövlətimiz, Prezidentimiz, heç nədən çətinliyimiz yoxdur. Gözəl yol çəkdirib, qazımız, işığımız daimidir, internetə qədər var. Heç nədən, heç kimdən qorxmuruq. Bircə yüngülvarı bir məktəbimiz olsaydı...
Şəhid anasının dediyinə qüvvət, kənddə kiçik bir təhsil ocağının yaradılmasına, tikintisinə çox ehtiyac var. Bu günədək kəndin 25 məktəbyaşlı sakini qonşu Əsrik Cırdaxan kəndindəki orta məktəbə gedir, özü də əksər hallarda piyada. Məsafə isə 3 kilometrdir. Razılaşaq ki, hər gün 6 kilomert məsafə qət etmək bir o qədər də asan iş deyil. Kənd adamları ilə söhbət edərkən dedilər ki, heç olmasa modul tipli bir məktəb istifadəyə verilsəydi yaxşı olardı. Kəndin icra nümayəndəsi S.Abulov dedi ki, rayon icra hakimiyyətinin başçısı kəndin sakinləri ilə səyyar qəbullar keçirərkən bu məsələ iki dəfə qaldırılıb. Yəqin ki, artıq əlaqədar nazirlik məlumatlandırılıb. Ümid edirik ki, məsələ öz həllini tapacaqdır.
...Koxanəbi keçmiş Ocaqlı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranıb. Kəndin adı koxa (kovxa) və Nəbi (şəxs adı) sözlərindən ibarət olub, "kəndxuda Nəbiyə məxsus" mənasındadır. "Kəndxuda" sözünun sinonimi olan kovxa XVI-XIX əsrlərdə Azərbaycanda və qonşu ölkələrdə inzibati vəzifə olmuşdur. Kovxalar mahal bəyinə tabe idilər. Hər kəndin ayrıca kovxası olurdu. Bu kənd də tabeliyində olduğu kovxanın adını daşıyır. Elə bir tarixi abidəsi olmasa da, kəndin tarixinin bir neçə yüzilliyə gedib çıxması faktdır.
Kənd Əsrikçay və Zəyəmçay arasında, dağlıq ərazidə, Ermənistan sərhədinin 300 – 400 metrliyində, mənzərəli bir yerdə yerləşir. Kənddə olan 45 evdən 35-də daimi yaşayış var və sakinlərin sayı uşaqlı-böyüklü 200 nəfərə çatır.
Bəs Koxanəbi sakinlərınin başqa problemləri varmı? Təbii ki, var. O da Tovuzun bir çox yerində olduğu kimi su problemidir. Döğrudur, dağlıq ərazidə yerləşdiyi üçün torpaqları dəmyədir və suvarılmaya bir o qədər ehtiyac yoxdur. Lakin ətrafda bulaqlar çox olsa da, içməli su sarıdan müəyyən çətinliklər var. Bildirdilər ki, əvvəllər vəziyyət o qədər də yaxşı deyildi. Rayon icra hakimiyyətinin, o cümlədən, kənd sakinlərinin təşəbbüsü ilə əsas, gur bulaqdan evlərə rezin borularla növbə ilə su verilir və adamlar öz tədarüklərini görə bilirlər. Artıq hər bir sakin bilir ki, qrafik üzrə hansı gün bulaqdan su alacaq. Yeri gəlmişkən, buradakı bulaqlardan biri də kəndin sakini, şəhid Muraz Ələkbərovun adını daşıyır. İki il qabaq burada həmkəndlilərinin xatirəsini əbədiləşdirən gözəl bir bulaq kompleksinin açılışı olub. Koxanəbidə kiminlə söhbət etdiksə, bir neçə il qabaq daha intensiv, indi isə ara-sıra güllə səslərinin eşidildiyini dedi. Adamlar artıq sakit günlər istəyirlər. Deyirlər ki, belə günlər bizdən daha çox, onlara lazımdır. Çünki gördülər ki, torpaqdan pay olmur. Azərbaycan əsgəri onu qanı-canı hesabına geri aldı. Bizimlə mehriban davranmaq lazımdır. Əks halda...
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri