Xalq Qəzeti: “Kənddə səyyar qəbul idi...”
Ölkə Prezidentinin tapşırığı ilə keçirilən belə görüşlər Tovuzda ictimai məmnunluq doğurur
Tovuzda rayon icra hakimiyyəti başçısının hər həftə bir kənddə, qəsəbədə keçirdiyi səyyar qəbullar elə həmin axşam və ya ertəsi gün geniş müzakirələrə səbəb olur. Elə ki, sakinlərdən hansısa pürrəngi çaydan bir qurtum alıb ucadan “dünən səyyar qəbul idi...” dedi, diskussiya başlanır. Biri deyir ki, “daha əvvəlki vaxtlar deyil, indi sağ olsunlar, özləri gəlir yanımıza, biz də dərd-sərimizi deyə bilirik”, bir başqası “Məmməd müəllim sözünün üstündə duran adamdır, görəcəksiniz günü sabah texnika göndərəcək, kəndimizin əsas yolu xırlanacaq da, genişləndiriləcək də”...Bax, beləcə istirahət guşələrində, parklarda, adamların daha çox toplaşdığı yerlərdə söhbətlərin əsas mövzusu bir neçə gün səyyar qəbullar olur. Təkliflərin, şikayətlərin necə həll edilməsi, işlərin gedişi də beləcə müzakirə obyektinə çevrilir.
– Bilirsiniz, adətən, əvvəlki səyyar qəbullar zamanı qaldırılan məsələ həll olunmayıbsa, növbəti qəbulda həmin kəndə getməyə dəyməz, – deyə rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Niftalı Qasımov söhbətimizə aydınlıq gətirir. – Söz vermisənsə, gərək ona əməl edəsən. Doğrudur, bəzən bu görüşlərdə elə problemlər ortaya çıxır ki, o, artıq nə rayon icra hakimiyyətinin səlahiyyətindədir, nə də daxili imkanlar hesabına onu həll etmək mümkündür.
Bir dəfə şura iclasında səyyar qəbullarda qaldırılan məsələlərin həlli ilə bağlı icra vəziyyətini müzakirə edirdik. Müxtəlif şöbələr, təsərrüfat rəhbərləri, icra nümayəndələri hesabat verirdilər. İcra nümayəndələrindən biri çıxış edib dedi ki, o məsələnin həlli bizdən asılı deyil. Başçımız çox sərt şəkildə qayıtdı ki, “80 yaşlı Hüseynqulu kişinin nəyinə lazımdır o iş kimdən asılıdır?! Kişi istəyir ki, evində normal istilik olsun, dəqiqədə bir elektrik lampası sönməsin...”
Həmin müşavirədən sonra rayon icra hakimiyyətində “bu, bizlik deyil” söhbəti birdəfəlik yığışdırıldı.
Niftalı müəllim sonra izah elədi ki, regional idarələr, onların nazirlikləri və baş idarələri, müvafiq şirkətlər bu işlərə cəlb olunur, vətəndaşların qaldırdıqları problemlərin bir çoxunun bilavasitə onlardan asılı olduğu nəzərlərinə çatdırılır və işin gedişi nəzarətə alınır.
Qeyd edək ki, vacib məsələyə bu cür yanaşma son illər yerlərdə bir sıra problemləri həll etmişdir. İcra hakimiyyətində vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Xüsusilə səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olmuş və onun səmərəli nəticələri artıq göz qabağındadır. Bir məsələni də qeyd edək ki, qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyətinin elə yerindəcə həll olunması dövlətə və dövlətçiliyə, yerli icra orqanlarına inamı bir qədər də artırmışdır. Adamlarda artıq belə bir əhval-ruhiyyə yaranıb ki, müraciət etmək, problemi dilə gətirmək lazımdır, çünki o nəyin bahasına olursa- olsun, həll ediləcəkdir. Məsələ yerində həll olunursa, yuxarı orqanlara yazmaq, necə deyərlər, müxtəlif qapıları döymək nəyə lazmdır?! Yeri gəlmişkən, son vaxtlar Tovuz Rayon İcra Hakimiyyətinin fəaliyyətindən, digər idarə, müəssisə və təşkilat rəhbərlərinin işindən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, hüquq-mühafizə orqanlarına ərizə və şikayətlər, müraciətlər nəzərəçarpacaq dərəcədə azalmışdır. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olmuşdur.
Bütövlükdə, cari ildə 33 yaşayış məntəqəsində icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmişdir. Bu görüşlərdə 221 müraciət qeydə alınmış, onların 109-u həll edilmiş, 33-ü ilə bağlı müvafiq izahat verilmiş, 11 məsələ ilə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmış, 68 məsələnin həlli müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırılmışdır.
Səyyar qəbullardan sonra həllini tapmış məsələlər az deyil. Təbii ki, onların hamısı haqqında məlumat vermək mümkün deyil. Amma Şıxheybət, Mollalar, Almalıtala dağ kəndləri yollarının texnika ayrılaraq xırlanması, Qəribli, Sarıtala, Ağacqala, Ağbulaq, Kirən kəndlərində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, Tovuz şəhərinin E.Quliyev küçəsində ikimərtəbəli binanın həyətinin asfaltlanması, bilavasitə icra hakimiyyətinin səyyar qəbullarda qaldırılan problemlərə biganə qalmamasının nəticəsidir.
Hər həftənin çərşənbə axşamı rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu da rayonda bir sıra problemlərin həllinə kömək edir. Məsələn, avqust ayında vətəndaşların qəbulu zamanı Qazıqulu kəndinin sakinlərinin müraciəti əsasında 2 kilometr uzunluğunda kəndin mərkəzi yollarından birinə texnika və işçi qüvvəsi ayrılmış, yol genişlənmiş və hamarlanmışdır. Sakinlərin istəyinə əsasən həmin küçəyə dayanacaq quraşdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunmuş və məsələ həllini tapmışdır.
Rayon icra hakimiyyəti başçısının səyyar qəbulu təkcə görüşlə məhdudlaşmır. Belə görüşlərdən ya əvvəl, ya sonra Məmməd Məmmədov sakinlərin məişət şəraiti ilə tanış olur, onların təsərrüfatlarına baş çəkir, əkin-biçinlə məşğul olanların sahələrinə gedir, öz tövsiyələrini verir, problemlərinin həllinə kömək göstərir. Xüsusilə texnika, toxum, dərman preparatlarının alınması ilə bağlı yarana biləcək hər hansı bir problem həll olunur, müvafiq təşkilatların rəhbərləri ilə əlaqə saxlanılır, məsələlər nəzarətə götürülür. Bu işlərə bir sıra sahibkarlar da cəlb olunur ki, əkin-biçinlə məşğul olanların qayğıları azalsın. Məhz bunun nəticəsidir ki, son illər Tovuzda taxılçılıq, kartofçuluq, tərəvəzçilik xeyli inkişaf edib. Digər tərəfdən, məhsul istehsalı hər dəfə əvvəlki illəri üstələyir. Məsələn, keçən il 50 min 381 ton buğda, 173 min 500 tona yaxın kartof istehsal edildiyi halda, bu il 59 min 656 ton buğda, indiyədək isə 136 min tondan çox kartof tədarük edilmişdir. Biçin kampaniyasının hələ bir sıra yerlərdə başa çatmadığını nəzərə alsaq, kartofçuluqda əvvəlki ilin göstəricisinin üstələnməsi gözlənilir.
Səyyar qəbullar hər cür rəsmiyyətçilikdən uzaqdır, sadədir, səmimidir, başlıcası isə səmərəlidir. Belə qəbulların əsas təşkilatçılarından biri, RİH ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fuad Rzayev deyir ki, daha əvvəllər olduğu kimi, rayon icra hakimiyyəti aparatına gələnlərin sayı çox deyil. Çünki icra hakimiyyətinin rəhbərliyi kənd və qəsəbə icra nümayəndələrinin fəaliyyətinə həm də bu aspektdən yanaşır. Məmməd müəllim deyir ki, “icra nümayəndəsi yerdə bizim görən gözümüzdür. Onun başının üstündən bizə və ya daha yuxarı orqanlara müraciət, şikayət gedirsə, deməli, o nümayəndə ümidləri doğrultmur.
... Tovuz son illərdə inkişaf edib, abad kəndlərin sayı artıb. Şəhərdə də az iş görülməyib, yeni obyektlər istifadəyə verilib, yollar təmir olunub, bir sıra küçələr asfaltlanıb. Adamlar haqlı olaraq deyirlər ki, səyyar görüşlər bu işlərin bir növ təkanı olub, istiqamət verib. Həm icra strukturları razı qalıb, həm də Tovuzun on minlərlə sakini. Nədənsə, kimdənsə narazı olanlar isə heç darıxmırlar. Bilirlər ki, səyyar qəbulların vaxtı onlara da gəlib çatacaq və heç kimin ürəyində sözü qalmayacaq.
Hamlet QASIMOV,
XQ
Tovuz rayonu
https://xalqqazeti.az/az/sosial-heyat/137546-kendde-seyyar-qebul-idi