Xalq qəzeti: "Hərtərəfli yenilənmənin növbəti hədəfləri"
Ölkəmizin davamlı inkişafı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi bu gün qarşıda duran mühüm vəzifələrdəndir. Qarşıda duran yeni hədəflərə çatmaq isə dövlət qurumlarının fəaliyyətində məsuliyyətin artırılmasını, vətəndaşlarla əlaqələrin gücləndirilməsini, hər bir sahədə konkret nəticələrə nail olunmasını tələb edir.
Bu məsələlər bu günlərdə bölgələrdə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müzakirələrdə diqqət mərkəzindədir.
Tovuz
Tovuzda keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov dövlət başçısının qurultaydakı nitqinin siyasi və ictimai əhəmiyyətindən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji istiqamətlər Azərbaycanın gələcək inkişafının, milli təhlükəsizliyinin və iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Vurğulanıb ki, əldə olunan tarixi nailiyyətlərin qorunması, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin yad ideoloji təsirlərdən müdafiəsi dövlət qurumları ilə yanaşı, bütövlükdə ictimaiyyətin üzərinə mühüm vəzifələr qoyur. Xüsusilə uşaqların və gənclərin milli ruhda tərbiyəsi, onların sağlam dünyagörüşünün formalaşdırılması, ailə və məktəb arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Müşavirədə Tovuzun sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə də geniş yer ayrılıb. Əhalinin qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi, yaşayış məntəqələrində mövcud problemlərin mərhələli həlli istiqamətində görülən işlərdən danışılıb.
Bildirilib ki, vətəndaş məmnunluğunun təmin olunması dövlət qurumlarının fəaliyyətinin başlıca meyarlarından biridir. Bunun üçün vətəndaş müraciətlərinə həssas yanaşılmalı, problemlərin həlli süründürməçiliyə yol verilmədən təmin edilməli, insanlarla birbaşa ünsiyyət daha da gücləndirilməlidir. Təhsil və mənəvi tərbiyə məsələləri də geniş müzakirə olunub.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri






