"Xalq qəzeti" :“Bədənimizdəki qəlpələr bizim şərəf nişanəmizdir”
“Bədənimizdəki qəlpələr bizim şərəf nişanəmizdir”
“Xalq qəzeti” Tovuzda “Necəsən, qazi?” mövzusunda “dəyirmi masa” keçirmişdir
Onların hər biri bu gün də döyüşə atılmağa hazırdır. Bədənlərində saysız-hesabsız qəlpələr gəzdirsələr də, ayaqları yeriməsə də, gözləri görməsə də “Vətən torpağı” sədasını eşidəndə yenidən yumruqları düyünlənir, gözlərindəki qığılcım daha da parlayır. Mən bunu Tovuzda gördüm, onların hər biri ilə səmimi söhbət edərkən duydum. Onlar öz qəhrəmanlıqlarından danışmağı sevmirdilər, döyüş yoldaşlarından danışırdılar, öz əlləri ilə göz qapaqlarına sığal çəkib əbədiyyətə qovuşan şəhidlərimizi xatırlayırdılar...Yaxşı ki, söhbətə tez-tez Azər Fərmanzadə qarışırdı. Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi. Rayonun Əyyublu kəndindəndir. 2018-ci ildə İqtisad Universitetini bitirib. 44 günlük müharibə zamanı Cəbrayıl, Qubadlı və Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Müharibə iştirakçısı” medalları ilə təltif edilib.
Yeri gəlmişkən, icra hakimiyyətləri aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılması və bura yalnız Azər kimi gənclərin işə götürülməsi tamamilə özünü doğruldur və bu, olduqca təqdirəlayiq bir haldır. Təkcə Tovuzda deyil, digər rayonlarda da gördüm ki, həmin şöbənin işçiləri qazilər və müharibə iştirakçıları ilə necə də bir-birlərini başa düşürlər, onları səbirlə dinləməyi bacarırlar. Azərin onların hər biri ilə səmimi söhbəti, təmkinli davranışı, hansısa bir xahişlərini tələsik cib dəftərçəsinə yazması, bəzən kimisə qucaqlayıb “hər şey yaxşı olacaq” deməsi nəzərlərimdən qaçmadı.
Yuxarıdakı fikrimə qayıdıram. Söhbətə Azər Fərmanzadə tez-tez müdaxilə etməsəydi, görüşə gələn qazilərin heç biri keçdiyi döyüş yolundan danışası deyildi. Bir məsələni qeyd edək ki, “dəyirmi masa”da iştirak edənlərin hamısı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ən müxtəlif orden və medallara layiq görülüblər. Onlar Suqovuşanın, Cəbrayılın, Xocavəndin, Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın, Laçının, Ağdamın və Kəlbəcərin azad olunmasına görə medalları, həmçinin digər orden və medallarla mükafatlandırılıb və sinələrində onları qürurla gəzdirirlər. Aralarında işləyəni də var, işləməyəni də. Əksəriyyəti hələ də müalicə alır. Yerli icra strukturlarından razılıq edirlər. Deyirlər ki, bəzən paytaxdakılara əlimiz çatmayanda icra hakimiyyətinə müraciət edirik. Onlar da əllərindən nə gəlir, köməklik göstərirlər. Qeyd edək ki, Tovuz rayonu üzrə 44 günlük Vətən müharibəsi zamanı yaralanan və əlilliyi təsdiq olunan 73 nəfər var. Həmin şəxslərdən 8 nəfəri Tovuz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə müvafiq işlə təmin olunmuşdur. 12 nəfər müharibə əlilinə isə həyətyanı torpaq sahəsi verilmişdir.
…Söhbətimiz o qədər maraqlı keçdi ki, iki saatın necə başa çatmasını hiss etmədik.
Fuad Qurbanov, qazi, Əyyublu kənd sakini:
– Düzü müharibədən, orada baş verənlərdən çox danışmağı sevmirəm. Bircə onu demək istəyirəm ki, bizim əsgərlərdə olan ruh yüksəkliyi, torpağa, Vətənə məhəbbət hissi o qədər güclü idi ki, mən döyüşə qatılan ilk günlərdən Qələbə qazanacağımıza tam əmin olmuşdum. O zaman mənim cəmi 19 yaşım vardı. Məndən də yaşlı, təcrübəli uşaqlar nələr edirdilər, onu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Qumbaraatan idim. Suqovuşanda ağır döyüşlərin birində yaralandım. Döyüş yoldaşlarım məni oradan necə çıxarıblar, xatırlamıram. Beyin-kəllə zədəsi almışam. Dörd aylıq müalicədən sonra özümü xeyli yaxşı hiss etsəm də, yenə müalicəyə ehtiyacım var.
Qazilərə, ümumiyyətlə, hər bir müharibə iştirakçısına, o cümlədən şəhid ailələrinə olan diqqət və qayğı bizim ruh yüksəkliyimizi birə beş artırır. İnsan o zaman qürurlu, ürəkli olur ki, ona diqqət var. İki ilə yaxındır doğma kəndimdəyəm. Halım-əhvalımla, səhhətimlə demək olar hər gün maraqlanırlar. Bu məni qürurlandırır.
Pərvin Həsənov, qazi, Yuxarı Öysüzlü kənd sakini:
– Oktyabrın 13-də Zəngilan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarımı qucağıma alıb çıxararkən özüm də yaralandım. Buna baxmayaraq, sürünə-sürünə həmin yerdən aralana bildim. Sonrasını xatırlamıram.
Səhhətimdə müəyyən problemlər yaransa da, mən fəxr edirəm ki, 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunmasında iştirak etmişəm. Bizi rayonda ən müxtəlif tədbirlərə dəvət edirlər, hörmət-izzətlə qarşılayırlar, yuxarı başda əyləşdirirlər. Bundan böyük xoşbəxtlik nə ola bilər?! Rayon icra hakimiyyətinin təşəbbüsü ilə məktəblərdə qazilərlə görüşlər keçirilir. Həvəslə, sevinclə gedirik. Uşaqlar necə maraqla bizi dinləyirlər, suallar verirlər... Bunlar hamısı bir dünyadır. Tovuzda hərbi vətənpərvərlik tərbiyəsinə bu qədər önəm verilməsi təqdirəlayiqdir.
Nahid Hacıyev, qazi, Aşağı Quşçu kənd sakini:
– Qazi şərəfli bir addır. Gərək bu adı qorumağı bacarasan. Düzü bəzən elə söhbətlər eşidirəm ki, məəttəl qalıram. Necə yəni hardasa, hansısa qazi intihara cəhd etdi?! Sən 44 gün vuruşmusan ki, intihar edəsən? Başa düşürəm, bəziləri kontuziya alıb, əsəbləri yerində deyil və sair. Bunlar anlaşılandır. Lakin qazi kimi şərəfli bir adı kimlərinsə təhriki, xain, məqsədli, hiyləgər öyrətmələri ilə yerə vurmaq olmaz. Çoxumuzun bədənində qəlpələr durur. Elələri var ki, ömrümüzün sonunadək elə bədənimizdə qalacaq. Qoy qalsın. Bu qəlpələr bizim şərəf nişanəmizdir.
Yadımdadır, bizimlə görüşlərinin birində rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov dedi ki, mən sizin hər birinizlə fəxr edirəm. Ona görə ki, siz, birinci növbədə kişilərin başını uca etdiniz! Kişilərin başını! Bu bilirsiniz nə deməkdir? Adama bundan böyük nə qiymət vermək olar? Lap ac qalaram, evsiz-eşiksiz olaram, bu qiyməti heç nəyə dəyişmərəm.
Anar Bayramov, qazi, Tovuz şəhər sakini:
– Bayaqdan söhbətlərə qulaq asıram və qeyri-ixtiyari keçən il sentyabrın 27-də keçirilən Anım Günündə təşkil olunan yürüş yadıma düşür. Özü də bilirsiniz daha çox hansı epizod? Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhidimizin fotosu olan plakatı öz başı üzərinə qaldırmasını həyatım boyu unutmaram. Məgər öz doğum gününü işğaldan azad olunmuş ərazilərimizdə və şəhid ailələri ilə birgə keçirməsi ölkə başçısının rəhbərliyi altında Azərbaycan dövlətinin şəhidlərimizə, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına olan diqqətinin bariz nümunəsi deyilmi?
Eyni diqqəti, qayğını Tovuzda, doğma rayonumda da görürəm. Keçən il, yenə elə Anım Günü ərəfəsində rayon rəhbərinin təkcə bir gündə neçə şəhid evinə baş çəkməsini maraq üçün hesabladım. Bir gündə 15 şəhid evi, hamısı da ayrı-ayrı kəndlərdə. Təsəvvür edirsinizmi?
Biz qazilər istədiyimiz vaxt icra hakimiyyətinə gedir, öz sözümüzü, xahişimizi, təklifimizi, problemimizi danışa bilirik. Bəzən getməyə heç ehtiyac olmur. Prezidentimiz sağ olsun, xüsusi şöbə yaradıb. Nə bizi narahat edirsə şöbənin işçilərinə deyirik, onlar da həmin an reaksiya verir və nəticəsini bizə bildirirlər.
Asiman Rzayev, qazi, Vahidli kənd sakini:
– “Xalq qəzeti”nin bölgələrdə belə bir “Dəyirmi masa” təşkil etməsini alqışlayıram. Bilirsiniz, səmimi deyirəm, bizi dinləyəndə daxilən yüngülləşirik. İnanın heç kimi problemlərimizlə yükləmək fikrimiz də yoxdur. Sadəcə soruşsunlar ki, “necəsən, qazi?” Yəni biz hiss etməyək ki, unuduluruq. Bir çoxumuz Türkiyədə müalicə almışıq, az-çox sağlamlığa qovuşmuşuq, bəzilərimiz fəal həyata qayıda bilib. Bunlar öz yerində. Ancaq yadımızda daha çox rayon rəhbərliyinin qaziləri nəinki yola salmağa gəlməsi, həm də onları geri qayıdarkən də ziyarət etməsi, hal-əhval tutması, işi-gücü ilə maraqlanması olub.
Anar Ələkbərov, qazi, Cəlilli kənd sakini:
– Tərtər istiqamətində yaralandıqdan sonra yenidən cəbhəyə qayıtdım. Müalicə aldığım 15 gün ərzində həkimləri suallarımla bezdirmişdim: “nə vaxt buraxacaqsınız?”, “niyə gec sağalıram?”... Düzü, özümü az qala fərari hesab edirdim. Amma yenidən döyüşlərə qatıldığım gün sanki bir bayram idi mənim üçün...
Ölkəmizdə qazilərə, şəhid ailələrinə göstərilən diqqət və qayğı bir nümunədir. Bunu gərək etiraf edək. İndi kimsə bu münasibəti görmürsə, hiss etmirsə, yaxud bir başqasının ağlı ilə oturub durursa, onda mən nə deyim? Fikir verin, prezident təqaüdü alırıq, pensiya alırıq, birdəfəlik müavinətlər almışıq. Kimin ehtiyacı var torpaq sahəsi ayrılıb. Qazilər tədricən mənzillə təmin olunurlar. İşləmək qabiliyyəti olanlara münasib iş yerləri təklif edilir. Rayonda kiçik bir vakant yer olan kimi Məmməd müəllim ora arzusu olan qazini göndərir...Gərək heç vaxt insafımızı itirməyək. O zaman gileylənə bilərik ki, bizə qarşı laqeydlik var. Yoxdur axı bu!
Afiq Məmmədov, qazi, Əlimərdanlı kənd sakini və Məhəmməd Allahyarov, qazi, Hunanlar kənd sakini:
Afiq: – Görürsünüz yəqin, üz-gözüm, əllərim, bədənim yanıb. Mənim sağ qalmağım bir möcüzədir. Tankçıyam. Suqovuşanda idarə etdiyim tanka atılan mərmidən sonra məni yanğından, alovun içərisindən güclə xilas ediblər. Heç nədən xəbərim olmayıb. Düz 11 gün komada olmuşam. Sonra 35 gün də xəstəxanada yatmışam. Ən müxtəlif yerlərdə müalicə almışam. Sağ olsun başçımız Məmməd müəllimi, evimizə gəlib, vəziyyətimlə maraqlanıb, öz kömək əlini uzadıb.
Qazi nə istəyir? Yalnız diqqət. “Biz Vətənə olan borcumuzu ödəmişik” deyə bilmərik. Çünki bu torpaqda doğulmuşuq və onu axıradək qorumaq müqəddəs borcumuzdur.
Məhəmməd: – Sağ olsunlar, bir qazi kimi yalnız diqqət görmüşəm. Lakin mənə sürücülük vəsiqəsi almaq üçün sağlamlıq arayışı vermirlər ki, şəxsi maşınımla taksi fəaliyyətimlə məşğul olum. Deyirlər ki, sənin sağlamlığın imkan vermir ki, həmin sənədi verək. Saxtakarlıq etmək olmaz, hətta bizim sevimli qazimiz də olsan.
...Tovuz Vətən müharibəsində 67 şəhid vermişdi. Lakin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində daha 4 nəfər igid tovuzlu balası- Firuz Əhmədov, Ülvü Mahmudzadə, Kənan Nəsibov və Səddam Hüseynov şəhidlik zirvəsinə ucalmışlar. Tovuzda onların dəfn mərasimləri yüksək səviyyədə qeyd olunmuş və bu mərasimlərdə qazilər ön sıralarda addımlamış, adlarını əbədiyyətə yazdıran oğulların cənazəsi önündə təzim etmişlər…
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri