Türkiyəli idman mütəxəssislərindən ibarət nümayəndə heyəti Tovuzda olub
Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında imzalanmış protokola əsasən, gənclər və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən mütəxəssis mübadiləsi proqramı çərçivəsində Türkiyənin Trabzon şəhərini təmsil edən 9 nəfərlik idman mütəxəssislərindən ibarət nümayəndə heyəti Tovuz rayonuna səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti Tovuz Rayon İcra Hakimiyyətində olub. Rayon İcra Hakimiyyətinin başçısı qonaqlarla görüşərək onları salamlayıb və səfərin iki qardaş ölkə arasında idman sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini bildirib. RİH başçısı çıxışında Tovuz rayonunun zəngin idman ənənələrinə malik olduğunu, burada müxtəlif idman növlərinin inkişafı üçün geniş imkanların yaradıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, rayonda fəaliyyət göstərən idman klubları, akademiyalar və müasir idman infrastrukturu gənclərin sağlam inkişafında mühüm rol oynayır. O, həmçinin Azərbaycan ilə Türkiyə arasında mövcud qardaşlıq münasibətlərinin idman sahəsində də uğurla davam etdiyini vurğulayıb və bu cür səfərlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib.
Rayon İcra Hakimiyyətinin başçısı nümayəndə heyətinə, qonaqlar isə qarşılıqlı olaraq RİH başçısına simvolik hədiyyələr təqdim ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Tovuz Olimpiya İdman Kompleksi, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı, Tovuz şəhər stadionu və Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsi ilə tanış olub. Tanışlıq zamanı qonaqlara rayonun idman infrastrukturu və gənclərlə iş sahəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verilib.






