Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzlu Vətən  müharibəsi  iştirakçılarına "Müharibə veteranı" vəsiqələri təqdim olunub

07 yanvar 2023 | 12:51

Tovuz şəhəri Nizami adına mədəniyyət evində 863 nəfər tovuzlu Vətən müharibəsi iştirakçısına “Müharibə veteranı” vəsiqələrinin təqdim olunması tədbiri keçirilib.

Tədbirdə  Tovuz RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub.

RİH başçısı aparatının şöbə müdiri Oruc Məmmədov çıxış edərək Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini vurğulayıb, Ali Baş Komandan İlham Əliyev tərəfindən  müharibə iştirakçılarına, əlillərə və şəhid ailələrinin üzvlərinə göstərilən diqqət və qayğıdan bəhs edib, təqdim olunan medalların həmin diqqət və qayğının təzahürü olduğunu bildirib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84 min 423 nəfərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilib. "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4 min 300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb, 1042 nəfərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.

Qeyd edək ki, "Müharibə veteranı" adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Keçidlər