Tovuzda “Zəkaların Mübarizəsi Olimpiadası” çərçivəsində şahmat üzrə komanda yarışı keçirilib
Tovuz rayonunda “Zəkaların Mübarizəsi Olimpiadası”nın şahmat istiqaməti üzrə 5 rayonu əhatə edən komanda yarışı təşkil olunub. Yarışın keçirilməsində əsas məqsəd müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların intellektual inkişafının dəstəklənməsi və ümumilikdə şahmat oyununa marağın artırılmasıdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın açılış mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov iştirakçılara uğurlar arzulayaraq bildirmişlər ki, ölkəmizdə idmanın, o cümlədən intellektual oyunların inkişafına xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezident tərəfindən həyata keçirilən siyasət nəticəsində gənclərin sağlam, bilikli və vətənpərvər ruhda yetişməsi üçün geniş imkanlar yaradılıb, bu kimi yarışlar isə onların bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynayır.
Yarışda 5 komanda iştirak edib. Hər komanda 4 nəfərdən – 2 oğlan və 2 qız olmaqla formalaşdırılıb. Ümumilikdə 20 şagirdin qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində baş tutub.
Yarışın nəticələrinə əsasən Tovuz komandası I yerə, Şəmkir komandası II yerə, Qazax komandası isə III yerə layiq görülüb.
Sonda qaliblər Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.






