Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Zəfərin 5 ili – Qürur və Şərəf Salnaməmiz” mövzusunda konfrans keçirilib

03 noyabr 2025 | 18:50

Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Nizami adına Mədəniyyət evində "Zəfərin 5 ili – Qürur və Şərəf Salnaməmiz" mövzusunda konfrans keçirilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi, xalqımızın öz torpaqları uğrunda apardığı mübarizənin zirvəsi oldu. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, xalqımızın dəstəyi ilə, 30 il işğal altında qalmış torpaqlarımızı azad etdi. Biz bu torpaqları canı ilə, qanı ilə qoruyan, onu bizə əmanət edən şəhidlərimizin hesabına əldə etmişik. Tovuz rayonu da bu savaşda öz payını verib – rayonumuzun igid övladları Vətən uğrunda qəhrəmancasına döyüşüb, şəhidlik zirvəsinə ucalıb, qazi olub, tarix yazıblar. Onların bu qəhrəmanlığı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilmişdir. Belə ki, Tovuzlu 2 nəfər Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, vətən müharibəsində qəhrəmanlıq göstərən çoxsaylı əsgərlər orden və medallarla təltif edilmişdir. Biz tovuzlular adından bu dəyərə görə cənab Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Onların hər biri bizim üçün qürur mənbəyidir.

Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin sürətlə davam etdirilməsini vurğulayan RİH başçısı qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində yollar, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər və sosial obyektlər inşa olunur. Artıq minlərlə ailə doğma yurduna qayıdıb, yaxın illərdə on minlərlə vətəndaşın da köçürülməsi planlaşdırılır. Dövlət bu işləri yalnız öz gücü ilə həyata keçirir – bu, Azərbaycanın iqtisadi qüdrətinin və milli birliyinin göstəricisidir. Qarabağda aparılan quruculuq həm fiziki, həm də mənəvi dirçəlişimizin rəmzidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Elsəvər Nağıyev, Qazax-Tovuz  Regional Məşğulluq Filialının Tovuz rayon xidməti şöbəsinin müdiri Vüsal  Babayev, Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Şəhid Ələsgərov Emin Fəxrəddin oğlunun həyat yoldaşı Səmayə Həsənova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, 44 günlük Vətən Müharibəsi əlili Hüseyn İsmayılov,  A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbinin direktoru Adil Əsgərov və  təqaüdçü müəllim Fərmayıl Cəfərov çıxış edərək bildirmişlər ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan xalqının birliyinin, igidliyinin və milli ruhunun təntənəsidir. Onlar vurğulayıblar ki, bu qələbə Ulu Öndər Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsidir. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində torpaqlarımız azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 

Sonda Zəfər Səlnaməmizdən və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işlərindən bəhs edən  videoçarx nümayiş etdirilib.

Keçidlər