Tovuzda “Zəfər Səlnaməsinin Şanlı 44 günü” mövzusunda tədbir keçirilib
Tovuz Rayon İcra Hakimiyyəti, Tarix-Diyarşünaslıq Muzeyi, Tovuz rayon Mərkəzi Kitabxanası və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəfər Səlnaməsinin Şanlı 44 günü” mövzusunda tədbir keçirilib
Tədbirdə RİH başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayon üzrə nümayəndəsi Adil Həsənov, şəhid ailələri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova çıxış edərək bildirmişdir ki, ordumuz yüksək döyüş ruhu və əzmkarlığı bizə qələbə qazandırdı. Müharibə xalqımızı Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında daha da sıx birləşdirdi. Hər bir azərbaycanlı yaralanan əsgərin yarasını öz yarası hiss etdi. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanı kimi ürəklərdə əbədilik qazandı. Artıq dörd ildir ki, müqəddəs üçrəngli bayrağımız düşməndən azad olunmuş torpaqlarımızda qürurla dalğalanır.
Daha sonra Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayon üzrə nümayəndəsi Adil Həsənov, Tovuz rayon Mərkəzi Kitabxananın direktoru Güldərən İbrahimova, Heydər Əliyev Mərkəzinin fond işçisi Aytac Əliyeva çıxış edərək Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində 30 il davam edən işğala son qoyulmasını, “8 noyabr- Zəfər Günü” müasir tariximizin ən möhtəşəm hadisələrindən biri olduğunu bildiriblər. Bu Zəfəri bizə yaşadan şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaq və göstərdikləri qəhrəmanlıqlar heç zaman unudulmayacaq.
Tədbirdə çıxış edən şəhid anaları Qızxanım Sultanova və Aytəkən İsmayılova övladlarının Vətən sevgisindən, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söz açmış və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığı bildirmişlər.
Sonda “Zəfər Səlnaməsinin Şanlı 44 günü”nə həsr olunmuş videoçarx nümayiş edilmiş və kitab sərgisinə baxış keçirilmişdir.