Tovuzda “Zəfər salnaməmiz – qəhrəmanlıq və qürur tariximiz” mövzusunda sərgi keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Tovuz Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər salnaməmiz – qəhrəmanlıq və qürur tariximiz” adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, məktəblilər, Qazilər, könüllülər və ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.
Sərgidə məktəblilərin Vətən müharibəsinə, Azərbaycan Ordusunun qəhrəmanlığına və tarixi Zəfərimizə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib. Bununla yanaşı, könüllülər və məktəblilər tərəfindən hazırlanan vətənpərvərlik ruhunu əks etdirən əl işləri – “Şuşa qalası”, “Dəmir yumruq”, “Xarıbülbül” və digər kompozisiyalar iştirakçılara təqdim olunub.
Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, şeirlər söylənilib. Tovuz Uşaq-Gənclər Şahmat Məktəbinin üzvləri tərəfindən şahmat oyunları nümayiş etdirilib, gənc idmançıların güləş üzrə nümunəvi çıxışları təqdim olunub.
Sərgidə nümayiş etdirilən rəsm və əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təqdim olunan əsərlərdə Vətənə məhəbbət, milli birlik, qəhrəmanlıq və Zəfər qüruru öz əksini tapıb.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli-mənəvi dəyərlərin təbliğinə, eləcə də Azərbaycan Ordusunun tarixi Qələbəsinin və qəhrəmanlıq salnaməsinin gənclərə çatdırılmasına töhfə verməkdir.






