Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib

01 noyabr 2025 | 11:07

Azərbaycan Respublikasının tarixi qələbəsinin beşinci ildönümü – “8 Noyabr- Zəfər Günü” münasibətilə A.Qasımov adına Tovuz şəhər tam orta ümumtəhsil məktəbində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş təşkil olunub.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Tovuz Rayon Polis Şöbəsinin rəis müavini Turqut Rəhimli, 44 günlük Vətən müharibəsinin qaziləri, iştirakçıları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Çıxış edən RİH başçısının birinci müavini Rəşad Zeynalov qeyd edib ki, Azərbaycan xalqı tarix boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparmış, öz dövlətçilik ənənələrini qoruyub saxlamışdır.44 günlük Vətən müharibəsi isə bu tarixi mübarizənin ən şanlı, ən parlaq səhifəsidir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalmış torpaqlarımızı azad etməklə, həm ərazi bütövlüyümüzü bərpa etdi, həm də beynəlxalq aləmdə ədalətin qalib gələ biləcəyini sübut etdi. Müasir dövrdə milli təhlükəsizlik yalnız silahlı qüvvələrin gücü ilə deyil, milli-mənəvi dəyərlərin, vətənpərvərlik ideologiyasının və ictimai həmrəyliyin gücü ilə təmin olunur. Azərbaycan Ordusu xalqımızın qüdrətini, igidliyini və birliyini dünyaya bir daha nümayiş etdirdi. Qazanılmış tarixi Zəfər, şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində mümkün olmuşdur.

Vətən müharibəsi qazisi Hüseyn İsmayılov və müharibə iştirakçısı Eyvaz Süleymanov çıxış edərək döyüş meydanındakı qəhrəmanlıq yolundan, Azərbaycan əsgərinin vətən sevgisindən, birliyimizin gücündən danışıblar. Onlar şagirdlərin suallarını cavablandıraraq öz xatirələrini bölüşüblər.

Daha sonra A.Qasımov adına Tovuz şəhər tam orta ümumtəhsil məktəbinin direktoru İlhamə Zeynalova belə görüşlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayaraq, qəhrəmanlarımızla keçirilən bu cür görüşlərin davamlı olmasının əhəmiyyətindən danışıb.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.

Keçidlər