Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin 100 illik yubileyi qeyd olunub

03 dekabr 2022 | 16:31

Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar məktəbin akt zalında tədbir keçirilib. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Rauf Əliyev, Müşfiq Məmmədli, Sabir Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, professor Mayıl Əsgərov, Elm və Təhsil Nazirliyinin əməkdaşları, məktəbin məzunları, müəllimlər və şagirdlər iştirak etmişlər.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur.

Sonra qonaqlar məktəbdə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirmiş, idman zalında yaradılan şəraitlə tanış olmuş, azyaşlı idmançılarla görüşmüş onlara gələcək həyatlarında uğurlar arzulamışlar.

Məktəbin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək 100 illik yubiley münasibətilə məktəbin kollektivini təbrik etmiş, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında görülən işlərdən və əldə olunan nailiyyətlərdən, həmçinin təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətindən danışmış, Tovuz rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən və rayonda təhsilin inkişafı sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

Daha sonra çıxış edən millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Rauf Əliyev, Müşfiq Məmmədli, Sabir Hacıyev, professor Mayıl Əsgərov, məktəbin direktoru Nüsrət Quliyev və digərləri məktəbin yaranma tarixindən və bu günə qədər keçdiyi inkişaf yolundan bəhs etmişlər. Ölkə rəhbəri tərəfindən həyata keçirilən təhsil strategiyasının uğurlarından söz açaraq məktəbdə yaradılmış müasir standartlara cavab verən şəraitə görə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər.

Məktəbin 100 illik yubileyinə həsr olunmuş videoçarx və xarici ölkələrdə yaşayan məzunların təbrikləri tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Tədbir əsasən Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin məzunları olan rayonun mədəniyyət və incəsənət nümayəndələrinin konsert proqramı ilə davam etmişdir.  

Keçidlər