Tovuzda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Tovuz rayon Nizami adına Mədəniyyət evində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP İdarə Heyətinin üzvü, Millət Vəkili Pərvin Kərimzadə, Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Aydın Hüseynov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Araz Xudadanov, YAP Tovuz rayon Təşkilatının sədri Nihad Pənahov, qazilər, YAP fəalları, veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan Tovuz şəhər mədəniyyət və istirahət parkındakı abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Sonra tədbir iştirakçıları Tovuz rayon Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbir YAP rayon təşkilatının sədri Nihad Pənahovun “YAP Azərbaycanın şərəfli tarixinin yaşıdı, möhtəşəm uğurlarımızın ilham mənbəyidir” mövzusunda məruzəsi ilə davam etdirilmişdir. YAP-ın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən bəhs edən məruzəçi bildirmişdir ki, 30 illik zəngin və şərəfli inkişaf yolu keçmiş YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etmişdir. Məruzədə müasir Azərbaycanın ən möhtəşəm anlarının, ən nəhəng uğurlarının və tarixi qələbələrinin onun liderləri olan Heydər Əliyevin və İlham Əliyevin adları ilə bağlı olduğu vurğulanıb.
Millət Vəkili Pərvin Kərimzadə çıxış edərək bildirib ki, 30 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini ortaya qoydu. Bu məqsədlə Azərbaycanın bir qrup qabaqcıl ziyalılarının bütün xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq Heydər Əliyev YAP-ın yaradılmasına razılıq verdi. YAP müstəqillliyə qovuşan ölkəmizin həyatında ən təlatümlü, həyacanlı zamanında, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edildiyi günlərdə yaradıldı. Müstəqilliyimizin əbədi və dönməzliyinin təmin edilməsi, Azərbaycan dövlətinin qurulması və bu günkü ən nəhəng uğurları onun liderləri olan Heydər Əliyevin və İlham Əliyevin adı ilə bağlıdır.
Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək YAP-ın yaranma və inkişaf tarixindən, ölkənin inkişafindakı xidmətlərindən ətraflı bəhs etmişdir. Eyni zamanda bildirmişdir ki, Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində görülən işlərin, atılan uğurlu addımların nəticələri yalnız Azərbaycanın deyil, həmçinin Yeni Azərbaycan Partiyasının həyatında da özünü aydın şəkildə göstərir.
Tədbirdə həmçinin çıxış edən partiya veteranı Sahib Quliyev, Vətən müharibəsi iştirakçısı, Qazi Nahid Hüseynov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov çıxış edərək YAP-ın yaranmasından, əldə etdiyi tarixi nailiyyətlərdən, xalqımız və dövlətimiz üçün göstərdiyi xidmətlərdən bəhs etmişlər. Çıxışlarda 44 günlük Vətən müharibəsində təzahür olunan xalq-iqtidar birliyindən, güclü milli həmrəylik əsasında ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.
Çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbir iştirakçılarını YAP-ın 30-cu ildönümü münasibətilə təbrik etmiş və bildirmişdir ki, partiyamız yaradıldığı gündən üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirmişdir. Əldə olunan uğurlar təbii ki partiyamızın qurucusu və ilk sədri olmuş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə partiyamızın rəhbəri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bu siyasi kursu məharətlə davam etdirir. Ölkədə güclü quruculuq işləri sosial iqtisadi islahatlar aparılır, ölkənin bütün sahələrinin inkişafı üçün əməli addımlar atılır. Vətən müharibəsində tarixi Zəfərimizdə də Yeni Azərbaycan Partiyasının mühüm rolu olmuşdur. Partiyamız fəaliyyəti ilə sübut edir ki həm dünənin, həm də bu günun partiyasıdır. Biz hər birimiz əminik ki bu partiya Azərbaycanın güclü siyasi, iqtisadi inkişafı üçün təməlini qoyduğu hədəflərlə həm də gələcəyin partiyasıdır.
Biz hamımız bu partiyanın üzvləri olaraq Heydər Əliyev yoluna və bu yolun layiqli davamçısı İlham Əliyevə, doğma vətənimiz Azərbaycana sədaqətlə xidmət etməliyik. İcazə verin hamımızın adından möhtərəm Prezidentimizi, partiyamızın sədrini əmin edək ki, tovuzlular bundan sonra da onun siyasəti ətrafında sıx birləşəcək, Heydər Əliyev ideyalarının həyata keçirilməsi uğrunda fəal mübarizə aparacaqlar.
Tədbirin sonunda Tovuz rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.