Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Xocalı Soyqırımı günü ilə əlaqədar dəyirmi masa keçirilib

26 fevral 2024 | 17:59

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının konfrans zalında Xocalı Faciəsi ilə əlaqədar olaraq  dəyirmi masa keçirilib.  Tədbirdə RİH başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihat Pənahov, İH başçısı aparatının məsul işçiləri, idarə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirmişdir ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından artıq 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Uşaq, yaşlı, qoca demədən bütün insanlığa qarşı dünyada görünməmiş böyük bir soyqrım faciəsi törədildi. Bu faciəyə isə ilk dəfə hüquqi-siyasi qiymət Heydər Əliyev tərəfindən verilmişdir. Belə ki, 1994-cü ildə o zamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Dəyirmi masada Xocalı faciəsi ilə bağlı olaraq  məruzələr dinlənilmişdir. Belə ki, Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Tovuz Peşə Liseyinin direktor müavini Sərxan Musayev və Hacıhəsənli kənd tam orta məktəbin müəllimi Elçin Rzayev çıxış ediblər.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov yekun nitqlə başa çatdıraraq bildirmişdir ki, Azərbaycan xalqı Xocalı soyqırımının 32-ci ildönümü qələbə ovqatında yad edir. Belə ki, 2020-ci ilin sentyabrın 27-də başlanan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək zəfərə nail olub. Həmçinin 2023-cü ildə 24 saatlıq lokal xarakterli aniterror tədbirləri zamanı düşmən məğlub olaraq ağ bayraq qaldırmağa məcbur olmuşdur. Bununla da Xocalı soyqırımının qisası döyüş meydanında alınıb.  Azərbaycan xalqı tarixin ən ağrılı günlərindən biri olan Xocalı faciəsini heç bir vaxt unutmayacaq.

Keçidlər