Tovuzda “Xocalı faciəsi”nin ildönümü qeyd edilib.
Tovuz Dövlət Peşə Təhsil Mərkəzində YAP Tovuz rayon Təşkilatının, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun, Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Tovuz rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Xocalı faciəsi”nin 33-cü ildönümü ilə əlaqədar “Əsrin faciəsi-Xocalı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Yaşar Orucov, YAP Tovuz rayon Təşkilatının məsləhətçisi,müharibə veteranı Kamran Qasımov,Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Sərxan Musayev, İsakənd kənd tam orta məktəbin müəllimi,müharibə veteranı Eyvaz Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin təşkilati məsələlər üzrə müavini, müharibə veteranı Sübhan Ələkbərov, Şəhid Novruz Tağıyevin həyat yoldaşı Gülsaat Məmmədova, Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Nigar İsmayılova, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrı Nərmin Seyidova, Aysun Omarova çıxış edərək erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımızın başına gətirilmiş müsibətlərdən danışaraq bu soyqırımı həyata keçirmiş erməni cəlladların əməllərini qətiyyətlə pisləyiblər. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli Liderimiz Heydər Əliyev verib və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verildiyi, dünyanın bir sıra ölkələrinin, beynəlxalq təşkilatların qanunverici orqanlarının Ermənistanı işğalçı dövlət kimi tanıdığı vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayıb və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan ordusunun şücaəti sayəsində işğal altında olan torpaqlarımız mənfur düşmənin işğalından azad olunub, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edib.
Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.