Tovuzda Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirmişdir ki, hazırda hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Eyni zamanda Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltmaqla soyqırım qurbanlarının ruhunu şad etdi. Bu həmdə onların ailə üzvlərinə və xalqımıza böyük bir təsəlli idi.
Sonra dəyirmi masada Xocalı faciəsi ilə bağlı çıxışlar dinlənilmişdir. Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq və kadr məsələləri sektorunun müdiri Hüseyn Hüseynov, YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, I Qarabağ müharibəsi iştirakçısı, eyni zamanda 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Aydın Rüstəmov və Z.Məmmədov adına Sarıtala kənd tam orta ümumtəhsil məktəbinin direktoru Ülviyyə Əliyeva çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı və faciəli səhifələrindən biri olduğunu qeyd etmişlər. Çıxışlarda bildirilmişdir ki, Xocalı soyqırımı beynəlxalq hüquq normalarına zidd olaraq dinc əhaliyə qarşı törədilmiş ağır cinayətdir və bu hadisəyə ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Bu gün həmin siyasət İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Xocalı soyqırımı heç vaxt unudulmayacaq, bu faciə gələcək nəsillərə çatdırılaraq xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yekun nitqi ilə başa çatdıraraq bildirmişdir ki, Azərbaycan Prezidentinin verdiyi hər bir söz reallaşır və həyata keçir. Bunları biz Azərbaycanın Müstəqillik Günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalıya ilk sakinləri, öz doğma yurdlarına qaytarmaqla onlara necə böyük sevinc bəxş etdiklərində gördük. Xocalıların məhz Azərbaycanın Müstəqillik Günündə qayıtmaqları da bu baxımdan simvolikdir. Belə ki, qayıdış qisasın alınmasının, yaraların sağalmasının, bölgədə həyatın canlanmasının rəmzidir. Xocalılılar bundan sonra müstəqil, azad, abad, inkişaf edən ölkənin vətəndaşları olaraq öz torpaqlarında qürurla yaşayacaqlar.






