Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı dəyirmi masa keçirilib

25 fevral 2025 | 18:35

Tovuzda Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı dəyirmi masa keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri çıxış sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirmişdir ki, hazırda hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Eyni zamanda Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltmaqla soyqırım qurbanlarının ruhunu şad etdi. Bu həmdə  onların ailə üzvlərinə və xalqımıza böyük bir təsəlli idi.

Sonra dəyirmi masada Xocalı faciəsi ilə bağlı çıxışlar dinlənilmişdir. Belə ki, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, RİH başçısı aparatının hüquq şöbəsinin müdiri əvəzi Hüseyn Hüseynov, Qədirli kənd tam orta məktəbin direktoru Mileylə Bayramova və RİH başçısının Yanıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaqub Qasımov çıxışlarında qeyd ediblər ki, hər il xalqımız Xocalı soyqırımı­nı böyük kədər hissi ilə anır, şəhidlərimizin ruhuna dualar oxunur. 33 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovu­şub. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası döyüş meydanında alındı. Xocalı soyqırımı heç vaxt unudulmayacaq.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov yekun nitqi ilə başa çatdıraraq bildirmişdir ki, Azərbaycan Prezidentinin verdiyi hər bir söz reallaşır və həyata keçir. Bunları biz Azərbaycanın Müstəqillik Günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalıya ilk sakinləri, öz doğma yurdlarına qaytarmaqla onlara necə böyük sevinc bəxş etdiklərində gördük. Xocalıların məhz Azərbaycanın Müstəqillik Günündə qayıtmaqları da bu baxımdan simvolikdir. Belə ki, qayıdış qisasın alınmasının, yaraların sağalmasının, bölgədə həyatın canlanmasının rəmzidir. Xocalılılar bundan sonra müstəqil, azad, abad, inkişaf edən ölkənin vətəndaşları olaraq öz torpaqlarında qürurla yaşayacaqlar.

 

 

 

 

 

Keçidlər