Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış bulaq kompleksinin açılışı olub

22 avqust 2022 | 17:49

Rayonun Çatax kəndində şəhid Ayvazov Həsən Cəlil oğlunun və Əliyev Aqil Faiq oğlunun xatirələrini əbədiləşdirən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Tovuz rayon  İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, RİH başçısı aparatının məsul işçiləri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mərasimdə RİH başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, o cümlədən tovuzluların göstərdiyi şücaətdən bəhs etmiş, qazanılan qələbənin dövlətimiz və xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.  

Sonra şəhid Ayvazov Həsən Cəlil oğlunun və Əliyev Aqil Faiq oğlunun valideynləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri çıxış edərək şəhidimizlə bağlı xatirələrini danışmış, Vətən müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlarından bəhs etmişlər.

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Qeyd edək ki, Həsən Cəlil oğlu Ayvazov 21 avqust 2000-ci ildə Tovuz rayonunun Pələkli kəndində anadan olub. 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.  Həsən Ayvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, noyabrın 22-də şəhid olub.

Aqil Faiq oğlu Əliyev 10 yanvar 1999-cu ildə Tovuz rayonunun Pələkli kəndində anadan olub. Aqil Əliyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət, 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub. 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Aqil Əliyev, oktyabr 15-də Suqovuşan ətrafında gedən döyüşlər zamanı şəhid olub. Hər iki şəhidimiz Tovuz rayonunun Pələkli kəndində dəfn olunub.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər