Tovuzda Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərin və müharibə iştirakçılarının iştirakı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş bayram tədbir keçirilmişdir
Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ayan Palace” otelində Vətən Müharibəsi şəhidlərinin ailələrinin, qazilərin və müharibə iştirakçılarının iştirakı ilə Zəfər Gününə həsr olunmuş bayram tədbir keçirilmişdir.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində möhtəşəm Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva və Arzu Nağıyev çıxış edərək 8 noyabr-Zəfər Günü münasibətilə tədbir iştirakçılarını və rayon sakinlərini təbrik etmişlər.
Tədbirdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər.
Daha sonra rayon sakinləri üçün bayram tədbiri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının incəsənət ustalarının təqdimatında Heydər Əliyev adına Meydanda geniş konsert proqramı ilə davam etmişdir. Rayon sakinləri konsert proqramını böyük hərarət, coşqu və alqışlarla qarşılamışlar.
Tədbir atəşfəşanlıqla başa çatmışdır.