Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən müharibəsi şəhidi Kamran Əsgərovun xatirəsinə futbol turniri təşkil olunub

13 iyun 2022 | 12:03

Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən “Məhsul Arena” idman klubunda idman klubun rəhbərliyinin təşkilatçılığı və rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Vətən müharibəsi şəhidi Əsgərov Kamran Bayram oğlunun xatirəsinə futbol turniri və tədbir təşkil olunub.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Əli Əliyev, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri və futbol həvəskarları iştirak ediblər.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən qazanılan Zəfərdən, şəhid Kamran Əsgərovun şanlı həyat yolundan və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və əbədiləşdirilməsi məqsədilə idman turnirləri daxil olmaqla, müxtəlif tərzdə tədbirlərin təşkili vacibdir.

Təşkil olunan turnirdə müxtəlif idarə və təşkilatları təmsil edən, həmçinin könüllü olaraq turnirə qatılan cəmi 8 komanda iştirak edib. Turnir çərçivəsində baş tutan oyunlardan sonra Tovuz Qaz İstismar Sahəsinin komandası və Şəhid Zeynallı İlqar Ayaz oğlunun xatirəsinə yaradılmış “İlqar” komandası finala çıxmışdır. Baş tutan final oyunu nəticəsində “İlqar” komandası “3-2” hesabı ilə qələbə qazanaraq birinci yerə layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, turnirdə birinci və ikinci yerə çıxaraq qalib gələn komandalar qazandıqları pul mükafatını şəhid Kamran Əsgərovun ailəsinə bağışlayıblar. 

Keçidlər