Tovuzda Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü keçirilib
Vətən müharibəsində qazanılan şanlı Zəfərimizin ərəfəsində Tovuzun təhsil müəssisələrində məktəblilərin Vətən Müharibəsi iştirakçıları və qazilərlə görüşləri keçirilir.
Görüş rayonun Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində baş tutub. Məktəbin şagirdləri ilə görüşdə Tovuzlu Vətən Müharibəsi iştirakçısı, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fərmanzadə Azər Aydın oğlu, Vətən Müharibəsinin qaziləri Həsənov Pərvin İkram oğlu və Ələkbərov Anar Mayıl oğlu iştirak etmişlər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra görüş açıq elan olunmuşdur.
Əvvəlcə Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin direktoru Nüsrət Quliyev çıxış edərək Vətən Müharibəsi iştirakçılarını məktəblilərə təqdim etmiş və İkinci Qabarağ Müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun mənfur düşmən üzərində əldə etdiyi Böyük Qələbədən söz açmışdır.
Sonra qazilərimiz çıxış edərək keçdikləri çətin və şərəfli döyüş yolu ilə bağlı məktəblilərə məlumat vermişlər. Onlar eyni zamanda Qalib Azərbaycan Ordusunun igidliyindən və qəhrəmanlığından söz açmış, müharibədən bitdikdən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarına və qazilərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.