Tovuzda üzümçülük təsərrüfatı ilə məşğul olan sahibkarlar ilə görüş keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Tovuz rayon Heydər Əliyev Mərkəzində üzümçülük təsərrüfatı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Görüşdə Tovuz rayon İcra Hakimiyyətinin, KOBİA-nın, Qida Təhlükəsizlik Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesterinin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin və digər aidiyyəti qurumlarının nümayəndələri, eləcə də regionda üzümçülük sahəsində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin, KOBİA-nın, Aqrar Xidmətlər Agentliyinin və Qida Təhlükəsizlik Agentliyinin nümayəndələri tərəfindən müvafiq sahə üzrə həyata keçirilən layihələr, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, üzümçülük sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.