Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Uşaq hüquqlarını qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib

13 noyabr 2026 | 16:02

Uşaq Hüquqları Aylığı çərçivəsində Tovuz rayonunda “Uşaq hüquqlarını qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə gənclər və idman sektorunun, Tovuz Rayon Polis Şöbəsinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aqşin Həsənov uşaq hüquqlarının müdafiəsi və təşviqinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, hər bir uşağın hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi, təhsil alması, hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə ailənin, təhsil müəssisələrinin, dövlət qurumlarının və bütövlükdə cəmiyyətin üzərinə mühüm vəzifələr düşdüyü vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində də uşaq hüquqlarının müdafiəsi və təşviqi mühüm yer tutur. Ombudsman qanunvericiliyə uyğun olaraq, BMT-nin Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.Diqqətə çatdırılıb ki, hər il olduğu kimi, cari ildə də BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində – 20 oktyabr – 20 noyabr tarixləri ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilib. Aylığın əsas məqsədi uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, ictimaiyyətin məlumatlılığının artırılması və bu sahəyə diqqətin daha da gücləndirilməsidir.

Tovuz rayon üzrə gənclər və idman sektorunun əməkdaşı Yaşar Orucov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Tovuz regionu üzrə nümayəndəsi İbrahim Teyyubzadə də çıxış edərək uşaq hüquqlarının qorunmasının əhəmiyyətindən danışıblar. Çıxışlarda uşaqların hüquq və vəzifələri, onların zorakılıqdan, laqeyd münasibətdən və digər hüquq pozuntularından müdafiəsi, təhlükəsizliyinin təmin olunması, hüquqi maarifləndirmənin gücləndirilməsi və uşaqların cəmiyyətdə fəal iştirakının təşviqi məsələlərinə toxunulub.

Tədbir məktəblilərlə qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam edib. Şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

 
Keçidlər