Tovuzda Uşaq hüquqları aylığı çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib
A.Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, Uşaq Səfirlər Məclisinin Tovuz rayon üzrə region nümayəndəsi və A.Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta məktəbin müəllim çıxış edərək bildirmişlər ki, 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən mühüm beynəlxalq hüquqi sənəddir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi bu il də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib. Ölkədə uşaq hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.
Tədbirin keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması və uşaq hüquqlarının səmərəli müdafiəsidir.
Tədbir “Zəfər Günü”nə həsr olunmuş bədii əyləncəli konsert proqramı ilə davam etdirilmişdir.