Tovuzda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Orxan Cabbarov adına Tovuz rayon Qovlar şəhər İnteqrasiya tipli İnternat məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin Hüqüq şöbəsinin müdir əvəzi Oruc Məmmədov , Tovuz Rayon Qeydiyyat şöbəsinin rəisi Svetlana Verdiyeva, Şəmkir Rayon Qeydiyyat şöbəsinin rəisi Eldəniz Hacıyev, Tovuz rayon İcra və probasiya şöbəsinin rəisi Rəşad Mustafayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə Şəmkir Rayon Qeydiyyat Şöbəsinin rəisi Eldəniz Hacıyev çıxış edərək bildirmişdir ki, 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən mühüm beynəlxalq hüquqi sənəddir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2023-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib. Ölkədə uşaq hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.
Tədbirin keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması və uşaq hüquqlarının səmərəli müdafiəsidir.
Tədbir zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.Tədbir əyləncəli proqramla davam etdirilmişdir.