Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə bağlı tədbir keçirilib

12 dekabr 2025 | 17:59

Tovuzda 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Tovuz şəhər Mədəniyyət və İstirahət parkında yerləşən abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi dərin ehtirama yad edilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən Müharibəsi veteranları və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək bildirmişdir ki,Heydər Əliyev xalqına ömrünü həsr etmiş nadir liderlərdəndir. Onun ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, dövlət institutları formalaşdırıldı, hüquq-mühafizə sistemi möhkəmləndirildi, ordu quruculuğu sürətləndirildi və ən əsası – Azərbaycan inkişaf yoluna qədəm qoydu. Ulu Öndər daim vurğulayırdı ki, “Mən bütün həyatımı Azərbaycan xalqına həsr etmişəm.” Bu sözlər onun fəaliyyətinin mahiyyətini ən dəqiq ifadə edən örnəkdir. Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Ulu Öndərin Azərbaycanın bölgələrinə, o cümlədən Tovuza göstərdiyi xüsusi diqqət və qayğı hər zaman yaddaşlardadır. Onun rəhbərliyi dövründə rayonda kənd təsərrüfatı, təhsil, infrastruktur, sosial sahələr üzrə mühüm layihələr gerçəkləşmişdir. Bu gün biz Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı, onun Azərbaycan üçün gördüyü işlərin böyüklüyünü, dəyərini bir daha dərk edirik. Ulu Öndərin ideyaları yaşayır, onun müəyyən etdiyi yol Azərbaycanı daha böyük inkişaf hədəflərinə doğru aparır.

Sonra YAP Tovuz rayon təşkilatının veteranı Valeh Rzayev, Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Mücaməddin Axundov və Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramov çıxış edərək bildirmişlər ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı və müasir Azərbaycanın banisidir. Onlar vurğulamışlar ki, Ulu Öndərin uzaqgörən siyasəti, ölkənin inkişafı naminə gördüyü böyük işlər, xalqına olan sonsuz məhəbbəti bu gün də dövlət idarəçiliyinin əsas istiqamətlərini formalaşdırır. Çıxış edənlər qeyd etmişlər ki, Heydər Əliyevin ideyaları bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə dinamik inkişaf yolundadır. Onlar Ulu Öndərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.

Dana sonra Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolunu, müdrik liderlik irsini və xalqımız naminə həyata keçirdiyi tarixi xidmətləri əhatə edən videoçarx nümayiş olundu.

Ehsan mərasimində Ümummilli Lider Heydər Əliyevin ruhuna Quran surələri oxunub və əziz xatirəsi böyük ehtiramla anılıb.

Keçidlər