Tovuzda "Ulu Öndər: dəyərlərimizin xilaskarı" adlı üçgünlük seminar öz işinə başlayıb
Tovuz rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun və Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Ulu Öndər: dəyərlərimizin xilaskar" adlı üçgünlük seminar öz işinə başlayıb. Seminarda Tovuz, Daşkəsən, Gədəbəy və Şəmkir rayonlarından olan gənclər iştirak edirlər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin Tovuz rayonunda yerləşən abidəsi önünə gül dəstələri qoyulub. Daha sonra seminar öz işinə başlayıb.
Açılış mərasimində Fondun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Akif Ələkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov məruzələrlə çıxış ediblər.
Tədbirdə ekspert qismində iştirak edən LOQOS Psixoloji Nitq və İnkişaf Mərkəzinin psixoloqu Emin Səfərov "Gənclik yaş dövrü və onun psixologiyası" mövzusunda gənclər qarşısında çıxış edib. Diskussiya şəklində baş tutan seminarda maraqlı fikir mübadiləsi aparılıb.
Tədbirdə Fondun sifarişi ilə hazırlanmış videoçarxlar nümayiş olunub, həmçinin Fondun maliyyə dəstəyi ilə çap edilmiş kitablar iştirakçılara hədiyyə edilib.
Seminarın növbəti günündə gənclərin iştirakı ilə ekspertlərin mühazirələrinin dinlənilməsi, Fondun sifarişi ilə hazırlanan sənədli filmlərin nümayişi, "Dəyərlərimizi öyrənək" adlı intellektual yarışın keçirilməsi nəzərdə tutulur.