Tovuzda Tibb İşçilərinin 17 İyun- Peşə Bayramı Günü qeyd olunub
Tovuz rayonunda 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, səhiyyə müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz Diaqnostika və Hemodializ Mərkəzində olub, müəssisənin fəaliyyəti ilə tanış olub, burada müalicə alan xəstələrin vəziyyəti ilə maraqlanıb və onlara göstərilən tibbi xidmətin keyfiyyəti barədə söhbət aparıb.
Sonra RİH başçısı rayonun səhiyyə işçiləri ilə görüşü keçirilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tibb işçilərini peşə bayramları münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Qeyd olunub ki, bu gün Azərbaycan səhiyyəsi özünün ən inkişaf mərhələlərindən birini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi, yeni xəstəxana və tibb müəssisələrinin tikilərək istifadəyə verilməsi, maddi-texniki bazanın gücləndirilməsi, icbari tibbi sığortanın tətbiqi və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində mühüm işlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin də səhiyyənin inkişafına mühüm töhfələr verdiyi vurğulanıb. Çıxış zamanı COVID-19 pandemiyası dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tibb işçilərinin göstərdikləri yüksək peşəkarlıq, fədakarlıq və qəhrəmanlıq xüsusi qeyd olunub. Bildirilib ki, Tovuz rayonunun səhiyyə işçiləri də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfələr verirlər.
Tədbirin sonunda səhiyyə sahəsində səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup tibb işçisi Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.






