Tovuzda “Tərbiyə prosesində uşaqlara qarşı zorakılığın qarşısının alınması” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cu bəndinin icrası məqsədilə Əyyublu kənd 1 nömrəli tam orta məktəbdə “Tərbiyə prosesində uşaqlara qarşı zorakılığın qarşısının alınması” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin, Tovuz Rayon Polis Şöbəsinin məsul əməkdaşları, Tovuz Rayon Qeydiyyat Şöbəsinin rəisi və müxtəlif məktəblərdən olan müəllim və psixoloqlar iştirak ediblər.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşları Hüseyn Hüseynov, Tofiq Əliyev, Tovuz Rayon Qeydiyyat Şöbəsinin rəisi Svetlana Verdiyeva, Rayon Polis Şöbəsinin əməkdaşı İlham Məmmədov və Əyyublu kənd 1 nömrəli tam orta məktəbinin direktoru Zəhra Hüseynli çıxış edərək bildirmişlər ki, dövrümüzün aktual problemi olan zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər, müəllimlər, tərbiyəçilər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını özündə cəmləşdirir. Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır. Ailəyə dövlətin kiçik modeli kimi baxırıq, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmini valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. Yetkinlik yaşına çatmayan uşaqlar özlərinin hüquq və qanuni mənafelərini müdafiə etmək iqtidarında olmurlar. Bu səbəbdən onları qorumağın və vətəndaş kimi yetişdirməyin məsuliyyəti əsasən valideynlərin və məktəbin üzərinə düşür. Onların psixologiyasının bu yaşlarında zədələnməsinə imkan vermək olmaz.
Tədbir müəllim və psixoloqlarla disskusiya şəkilində davam etdirildi. Onları maraqlandıran aidiyyəti məsələlər cavablandırıldı.