Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Təhsil millətin gələcəyidir” mövzusunda tədbir keçirilib

15 aprel 2023 | 11:26

Tovuz rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz Rayon Təhsil Sektorunun birgə təşkilançılığı ilə “Heydər Əliyev ili” çərçivəsində  Adil Qasımov adına Tovuz şəhər tam orta məktəbində “Təhsil millətin gələcəyidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini– İctimai–siyasi humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz Rayon Təhsil Sektorunun müdiri Elmira Mürşüdlü, rayonunun ümumtəhsil məssisələrinin müəllimləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğurunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısının müavini Təranə Bayramova çıxış edərək bildirib ki,  Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi müddətində təhsilə diqqət və qayğı ilə yanaşıb, onun təkmilləşməsi və inkişafı üçün vacib qərarlar verib. Cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun mərkəzi xəttini də Heydər Əliyevin təhsil siyasəti təşkil edir. Nəticələr də bir çox istiqamətlərdə özünü göstərir. Çoxsaylı məktəblər, uşaq bağçaları, idman kompleksləri, digər təhsil müəssisələri tikilib. Yetişən nəsillərin inkişafı üçün hərtərəfli şərait yaradılıb. “Təhsil millətin gələcəyidir” Heydər Əliyevin çox böyük müdrikliklə dediyi bu sözlər hər bir düşünən, bölgəsinin, ölkəsinin gələcəyi üçün çalışan insan bu həqiqətə əsaslanıb səmərəli fəaliyyət göstərir.

Sonra N.Tusi adına Tovuz şəhər təbiət və texniki təmayüllü məktəb-liseyin müəllimi Hikmət Quliyev,  Aşağı Quşçu kənd İ.Mürşüdov adına tam orta məktəbin müəllimi Ulduzə Alıyeva, Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin müəllimi Aytəkin Məmmədova çıxış edərək Heydər Əliyevin qurduğu təhsil strategiyası, Prezident İlham Əliyevin ölkəmizdə təhsilin bütün səviyyələrində köklü dəyişikliklər aparılması, struktur, məzmun və idarəetmənin yeni mexanizmləri formalaşdırılması, müasir zamanın tələbləri səviyyəsinə çatdırılması, beynəlxalq təhsil sisteminə inteqrasiyasını vurğulayıblar. Qeyd ediblər ki, sabahın sürətli inkişafı  bu günün təhsili ilə sıx əlaqədardır.

Sonda Heydər Əliyevə həyat və fəaliyyətinə  həsr olunmuş film nümayış olunub.

 

 

Keçidlər