Tovuzda tarixi Qələbənin beşinci ildönümünə həsr olunmuş “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib
Azərbaycan Respublikasının tarixi Qələbəsinin beşinci ildönümü –“8 Noyabr – Zəfər Günü” münasibətilə Zahir Yusifov adına Bayramlı kənd tam orta ümumtəhsil məktəbində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən Müharibəsi əlilləri, şəhid ailə üzvü və məktəblilər iştirak ediblər.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Alı İbrahimov qeyd edib ki, “8 Noyabr – Zəfər Günü” Azərbaycan xalqının qəhrəmanlıq tarixinin qızıl səhifəsidir. Bu Qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun igidliyi və xalqımızın sarsılmaz birliyi sayəsində qazanılıb.Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, qazilərimizin igidlik yolu isə gənclər üçün vətənpərvərlik nümunəsi olaraq qalacaq.
Daha sonra Vətən müharibəsi əlilləri və iştirakçıları – Müslümzadə Fərid və Həsənov Pərvin çıxış edərək döyüş meydanlarında göstərdikləri igidliklərdən, Azərbaycan əsgərinin sarsılmaz ruhundan və Vətənə sonsuz sevgisindən danışıblar. Onlar qan və can bahasına qazanılmış Qələbənin məsuliyyətini, birliyin və vətənpərvərliyin gücünü öz xatirələri ilə şagirdlərin qəlbinə hopdurublar. Qazilər şagirdlərin suallarını cavablandıraraq müharibə illərinə dair təsirli xatirələrini bölüşüb, gəncləri Vətənə sədaqət və qəhrəmanlıq ruhunda yetişməyə çağırıblar.
Sonda Zahir Yusifov adına Bayramlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Bahar Zeynalova çıxış edərək tədbirin təşkilinə dəstək göstərənlərə və görüşdə iştirak edən qazilərə dərin minnətdarlığını bildirib. O, belə görüşlərin şagirdlərdə vətənpərvərlik ruhunun, dövlətə və xalqa bağlılıq hissinin daha da güclənməsinə xidmət etdiyini vurğulayıb. Bahar Zeynalova qeyd edib ki, bu cür tədbirlərin davamlı təşkili gənc nəslin Vətənə sevgi, sədaqət və fədakarlıq ruhunda formalaşmasında mühüm rol oynayır.






