Tovuzda tanınmış şair Nazim Əhmədoğlunun 70 illik yubileyi qeyd olunub
08 oktyabr 2026 | 17:26
Tovuzda Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Nazim Əhmədoğlunun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Nizami adına Mədəniyyət Evində təşkil olunan yubiley tədbirində Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, şair və yazıçılar, mədəniyyət işçiləri, saz-söz ustaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova Nazim Əhmədoğlunun 70 illik yubileyi münasibətilə onu təbrik edib, şairin yaradıcılığının Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu bildirib. Qeyd olunub ki, ölkəmizdə ədəbiyyatın, mədəniyyətin və incəsənətin inkişafına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, yaradıcı insanların fəaliyyətinin dəstəklənməsi bu siyasətin mühüm istiqamətlərindən biridir.
Təranə Bayramova yubilyara Tovuz Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanını və hədiyyəni təqdim edib.
Daha sonra yubilyarı təbrik etmək üçün tədbirə qatılan şair və yazıçılar, saz-söz ustaları çıxış edərək Nazim Əhmədoğlunun yaradıcılıq fəaliyyətindən, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbir iştirakçıları tərəfindən yubilyarın şeirləri səsləndirilib, saz-söz ifaları təqdim olunub. Səmimi çıxışlar və musiqi nömrələri tədbirə xüsusi ovqat bəxş edib.
Sonda Nazim Əhmədoğlu göstərilən diqqət və yüksək qiymətə görə minnətdarlığını bildirib, yaradıcılıq fəaliyyətini bundan sonra da davam etdirəcəyini qeyd edib.






