Tovuzda "Şuşa Qarabağın döyünən ürəyidir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib
Tovuz rayon Heydər Əliyev Mərkəzində Ağstafa Regional Mədəniyyət İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şuşa ilinə həsr olunmuş "Şuşa Qarabağın döyünən ürəyidir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqədən əvvəl Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova iştirakçılar qarşısında çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan tarixi Zəfərimizdən bəhs etmiş, vurğulamışdır ki, Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmişdir. Bu şəhər xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur .
Sonra inşa yazı müsabiqəsi başlamış və iştirakçılara mövzu ilə bağlı öz fikirlərini yazılı ifadə etmələri üçün bir saat vaxt verilmişdir.
Müsabiqənin sonunda ən yaxşı inşa yazını təqdim edən şagirdlər qiymətli hədiyyələr və diplomlarla təltif ediliblər.