Tovuzda sudan səmərəli istifadənin təmin edilməsi mövzusunda müşavirə keçirilib
Əkin sahələrinin suvarma suyu və əhalinin içməli su ilə təminatı məsələləri Tovuz rayon İcra Hakimiyyətində keçirilən müşavirədə geniş təhlil edilərək müzakirə olunub.
Tovuz Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, icra başçısı aparatının məsul işçiləri, aidiyyatı idarə və müəssisələrin rəhbərləri, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
RİH başçısı Məmməd Məmmədov giriş sözü ilə çıxış edərək Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci il iyulun 27-də imzalanmış “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsini, rayon ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsini, su təsərrüfatının məsuliyyətlə idarə olunmasını diqqətə çatdırıb. Qeyd olunub ki, rayon ərazisində mövcud olan su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə aidiyyəti qurumlardan ibarət qərargah yaradılıb. RİH başçısı yaradılmış komissiya üzvlərinə, müşavirə iştirakçılarına və səlahiyyətli şəxslərə sudan səmərəli istifadə olunmasından irəli gələn məsələləri və sudan istifadənin nəzarət işlərini növbəlilik qrafiki əsasında təşkil etməsini tapşırıb.
Müşavirədə RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsində mövcud vəziyyət barədə məlumat verərək son dövrlərdə havaların quraq keçməsi ilə əlaqədar çaylarda, yeraltı mənbələrdə suyun həcminin azalmasının içməli su təminatında, eləcə də əkin torpaqlarının suvarılmasında müəyyən çətinliklər yaratdığını və belə halların qarşısının alınması üçün yerlərdə mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə görülməsi vacib olan tədbirlərdən bəhs edib.
Müşavirə qarşılıqlı müzakirələr əsasında davam edib. Müzakirələr zamanı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində təkliflər dinlənilmiş, bundan sonra görüləcək işlər müəyyənləşdirilib.
Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yekunlaşdıraraq həm içməli həm də suvarma suyu ilə təminatda yarana biləcək problemlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi və suyun ədalətli bölgüsünün aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.