Tovuzda “Şərəfli Zəfər tariximiz” mövzusunda tədbir keçirilib
Tovuzda 8 Noyabr – Zəfər Günü münasibətilə “Şərəfli Zəfər tariximiz” mövzusunda tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşı, Vətən Müharibəsi iştirakçısı Tofiq Əliyev iştirakçıları salamlayaraq dövlətimizin qazandığı möhtəşəm Qələbədən, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqdan söz açıb. O, bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, həmrəyliyini və dövlətinə olan sonsuz sevgisini bir daha nümayiş etdirdi. Zəfər Günü Azərbaycan xalqının qürur və şərəf günüdür. Bu Qələbə minlərlə şəhidimizin qanı, əsgər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi sayəsində qazanıldı. Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və tarixi ədalət bərpa olundu. Bu gün Zəfərimizin nəticəsi olaraq ölkəmiz regionda sülhün və inkişafın təminatçısına çevrilib. Dövlət başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alıb, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Tofiq Əliyev çıxışının sonunda gəncləri dövlətçilik ideallarına sadiq, Vətənə sevgi və sədaqət ruhunda yetişməyə çağırıb.
Daha sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə gənclər və idman sektorunun baş məsləhətçisi İdrak Tağıyev, Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Rauf Rüstəmov, I Qarabağ müharibəsi əlili Etibar Həsənov, Tovuz Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Rufanə Əliyeva, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi Mətləb Alıyev, Tovuz Regional “ASAN Xidmət” Mərkəzinin könüllüsü Ayşə Məmmədova və Tovuz rayon üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək bildiriblər ki, 8 Noyabr təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür.
Onlar qeyd ediblər ki, Zəfər Günü gənclərdə vətənpərvərlik, milli birlik və dövlətə sədaqət hisslərini daha da möhkəmləndirir, bu qələbə gələcək nəsillər üçün əsl qəhrəmanlıq məktəbidir. Çıxış edənlər həmçinin şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından danışaraq bu diqqətin hər bir vətəndaş üçün nümunə olduğunu vurğulayıblar.
Tədbirin sonunda xatirə şəkli çəkilib.






