Tovuzda şəhid övladları üçün təşkil olunmuş “YAŞAT” idman düşərgəsi yekunlaşdı
Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə, “YAŞAT” Fondunun təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, “ASAN Könüllüləri” Təşkilatının iştirakı ilə Tovuz şəhərində reallaşdırılan növbəti “YAŞAT” idman düşərgəsi başa çatıb.
Düşərgədə şəhidlərimizin Qazax-Tovuz regionunda yaşayan 6-12 yaş aralığındakı 26 övladı iştirak edib. Onlar üçün “Turan Tovuz” futbol klubu ilə tanışlıq gerçəkləşdirilib. Həmçinin uşaqlar klubun “Sumqayıt”la baş tutan oyununda futbolçular ilə birgə meydana daxil olublar və matçı stadionda canlı izləyiblər.
İştirakçılar üçün stolüstü yarışlar, kikboksinq, taekvondo, cüdo, basketbol, voleybol idman növləri üzrə ustad dərsləri də təşkil olunub. Eyni zamanda Tovuz şəhərində yerləşən Dövlət Rəmzləri Muzeyinə, Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar, əyləncə və kino saatları reallaşdırılıb.
Düşərgə çərçivəsində şəhidimiz Hafiz Abdurrəhmanovun övladı Ziya Abdurrəhmanlının doğum günü qeyd olunub.
Ümumilikdə düşərgənin məqsədi sözügedən region gənclərinin fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilidir.
Layihənin media dəstəkçisi ASAN Radio olub.