Tovuzda şəhid Niftalıyev İlqar Müsənnə oğlunun xatirəsinə inşa edilən bulaq kompleksi istifadəyə verilib
Tovuz rayonu Düz Qırıqlı kəndində Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Niftalıyev İlqar Müsənnə oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.
Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov, RİH başçısı aparatının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları və kənd sakinləri iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Mərasimdə Niftalı Qasımov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışmış, qazanılan qələbə sayəsində Birinci və İkinci Qarabağ müharibələrində şəhid olanların şəxslərin qanlarının yerdə qalmadığını və qisasının alındığını vurğulamışdır.
Sonra şəhid İlqar Niftalıyevin anası Həmidə Niftalıyeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Əli Əliyev və digərləri çıxış edərək Qarabağ müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlarından bəhs etmiş, şəhidimizlə bağlı xatirələrini dilə gətirmiş, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.
Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səslənib.
Allah Şəhidlərimizə rəhmət eləsin!