Tovuzda şəhid Hüseynov Səddam Rafiq oğlu dəfn edildi.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, 1997-ci il təvəllüdlü Hüseynov Səddam Rafiq oğlu bu gün Tovuz rayonunda dəfn olunub.
Şəhidimiz Tovuz rayonunun Çeşməli kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.
Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Aqil Abbas, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı təntənəli şəkildə şəhidin atası Rafiq Hüseynova təqdim olunub.
Allah şəhidimizə rəhmət eləsin!