Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Ələkbərov Muraz Məzahir oğlunun xatirəsini əbədiləşdirən bulaq kompleksinin açılışı olub

17 may 2022 | 10:10

Tovuz rayonunun Koxanəbi kəndində şəhid Ələkbərov Muraz Məzahir oğlunun xatirəsini əbədiləşdirən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Tovuz rayon  İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov, RİH başçısı aparatının məsul işçiləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, şəhidin yaxınları, şəhid ailələri, qazilər və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, tovuzlu gənclərin baş verən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıb. 

Sonra şəhid Muraz Ələkbərovun atası, rayon ictimaiyyət nümayəndələri çıxış edərək şəhidlə bağlı xatirələrini, Vətən müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlarından bəhs ediblər. Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

 Qeyd edək ki, Muraz Məzahir oğlu Ələkbərov 23 mart 1995-ci ildə Tovuz rayonunun Koxanəbi kəndində anadan olub. 2001-2012-cı illərdə Koxanəbi kənd tam orta məktəbində təhsil alıb. Muraz Ələkbərov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Muraz Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Muraz Ələkbərov oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Koxanəbi kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Ələkbərov Muraz Məzahir oğlu "Vətən uğrunda" və “İgidliyə görə” medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər