Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib

26 iyul 2025 | 17:41

   Tovuz Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə rayonun Nizami adına Mədəniyyət evində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

    Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Mirfaiq Mirheydərli, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri, şəhid ailələri, qazilər, rayonda məskunlaşmış qərbi azərbaycanlılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər.

  Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Sonra “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı videoçarx nümayiş olunub.

    Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki,dərin tarixi yaddaşı və böyük mənəvi yükü olan bir kitab — "Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar" adlı nəşr yalnız tariximizin bir səhifəsini deyil, eyni zamanda milli yaddaşımızı, kimliyimizi, ədalət uğrunda mübarizəmizi və Vətənə bağlılığımızı əks etdirən dəyərli sənəddir. Son illər Qərbi Azərbaycana dair həqiqətlərin sistemli şəkildə araşdırılması və dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə nəşr edilən “Qərbi Azərbaycan irsi” kitabı tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyətə malikdir.

    Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Mirfaiq Mirheydərli çıxış edərək bildirib ki, Qərbi Azərbaycanla bağlı araşdırmaların elmi istiqamətdə aparılması ölkə başçısı cənab İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasındakı ziyalılarla görüşündə etdiyi proqram xarakterli çıxışından sonra sistemli xarakter alıb. Qeyd edib ki, bu kitabda həm etnoqrafik, həm toponimik, həm də demoqrafik məlumatlar dəqiq və faktlara əsaslanaraq təqdim olunur ki, bu da onun elmi əsaslarla öyrənilməsini zəruri edir. Vurğulanıb ki, Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması bir xalqın tarixdən silinməsi məqsədi güdən vandalizmin bariz nümunəsidir. Lakin bu kitab vasitəsilə həmin abidələrin sənədləşdirilməsi, coğrafi yerləşməsinin, tarixi xüsusiyyətlərinin göstərilməsi onları yaddaşımızda yaşadır və gələcəkdə reallaşacaq qayıdışın ideoloji bazasını formalaşdırır.

   Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək qeyd edib ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır. “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının birinci cildi müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırmadır.İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin, əsas prioritet məsələlərin tərkib hissəsidir və Şanlı Zəfər qalibiyyətindən sonra bu tarixi prosesin təməli qoyulub.

   Tədbirdə çıxış edən Qərbi Azərbaycan əsilli və hazırda Tovuz rayonunun Hunanlar kəndində yaşayan  rayon Ağsaqqallar Şurasının üzvü Cəfərov Fərmayıl qeyd edib ki, o, Göyçə mahalının Basarkeçər rayonunun Göysu kəndində anadan olub və əmindir ki,  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində 1988-ci ildə deportasiya edildikləri doğma ata-baba yurdlarına tezliklə qayıdacaqlar.

Keçidlər