Tovuzda Qəhvəyi mərmər bağacığına qarşı mühafizə tədbirləri ilə əlaqədar tədbir keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin akt zalında qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, icra nüamyəndələri iştirak ediblər.
RİH başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar rayon ərazisində görülmüş tədbirlər barədə məlumat vermişdir. Bu sahədə qarşıya çıxan digər problemlərə qarşı birgə fəaliyyət göstərilməsinin zəruri olduğunu qeyd etmişdir.
Daha sonra çıxış edənlər - Qida Təhlükəsizliyi Agentliyinin Tovuz regional bölməsinin rəisi Hüseyn Abdullazadə, bölmənin sektor müdiri Mətlabə Qasımova, Tovuz rayon Bitki Mühafizəsi mərkəzinin direktoru Lalə Şamilova “Qəhvəyi mərmər bağacığın morfologiyası, yayılma yolları, həşəratla mübarizə üsulları” ilə bağlı iştirakçılara maarifləndirici məlumatlar vermişlər.
Tədbir iştirakçılarına mərmər bağacığının yayılması, inkişafı, qidalanması və onunla mübarizə tədbirlərinə dair hazırlanmış bukletlər paylanılmış, qarşılıqlı diskussiya şəraitində davam etmişdir.