Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və sədr müavini Cəfər Məhərrəmov, RİHB-nin İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Tədbirin əsas məqsədi yerli qurumlar arasında koordinasiyanı gücləndirmək, zərərvericiyə qarşı vaxtında və düzgün mübarizə tədbirlərinin həyata keçirilməsini təmin etmək və yayılma arealını minimuma endirməkdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı aqrar sahənin ölkə iqtisadiyyatında mühüm yer tutduğunu, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti nəticəsində fitosanitar təhlükəsizliyin gücləndirildiyini vurğulayıb. Bildirib ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizədə əsas prioritet qabaqlayıcı tədbirlər və geniş maarifləndirmə işidir, bu prosesdə dövlət qurumları ilə yanaşı fermer və vətəndaşların da fəallığı vacibdir.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev çıxışında qəhvəyi mərmər bağacığının invaziv və yüksək adaptasiya qabiliyyətinə malik təhlükəli zərərverici olduğunu qeyd edib. O bildirib ki, zərərvericinin yayıldığı bölgələrdə monitorinqlər genişləndirilib, qışlama yerlərinin müəyyənləşdirilməsi istiqamətində sistemli tədbirlər görülür. Feromon tələlərin quraşdırılması, mexaniki və kimyəvi mübarizə üsullarının tətbiqi, eyni zamanda yerli icra strukturları ilə koordinasiyalı fəaliyyət davam etdirilir. Sədr vurğulayıb ki, maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət daşıyır – fermerlərə və əhaliyə zərərvericinin bioloji xüsusiyyətləri, yayılma yolları və ilkin əlamətləri barədə mütəmadi məlumat verilir, çap və elektron informasiya materialları hazırlanaraq ictimaiyyətə çatdırılır.
AXA-nın sədr müavini Cəfər Məhərrəmov isə yaz mövsümü ərəfəsində profilaktik tədbirlərin daha da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, yaşayış məntəqələrində, inzibati binalarda, anbar və yardımçı tikililərdə monitorinqlər gücləndirilməli, aşkar olunan hallara qarşı operativ mexaniki mübarizə tədbirləri görülməlidir. Eyni zamanda mobil qrupların fəaliyyəti genişləndirilməli, vətəndaş müraciətlərinə çevik reaksiya verilməli və əhali arasında məlumatlılıq səviyyəsi artırılmalıdır.
Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bölgədə əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.






