Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “PeşəFest-2025” festivalı keçirilib

22 sentyabr 2025 | 17:57

Tovuz şəhərinin mərkəzi meydanında gənclərin peşə təhsilinə marağının artırılması və peşəkar istiqamətləndirilmənin təşviqi məqsədilə “PeşəFest-2025” festivalı keçirilmişdir.

Festivalda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Nizami Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, eləcə də ətraf rayonlardan olan dövlət və özəl təşkilatların rəhbər şəxsləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək rayonda peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və gənclərin əmək bazarına hazırlıqlı şəkildə daxil olmalarının vacibliyi barədə danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu və cənab Prezident İlham Əliyevin gənclərə, onların gələcəyinə, həmçinin əmək bazarının tələblərinə uyğun peşələrin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə bu cür mühüm tədbirlər həyata keçirilir. Keçirilən “PeşəFest-2025”  əsas məqsədi – əmək bazarının mövcud vəziyyətini izləmək, çağırışlara uyğun peşə və ixtisaslar üzrə təkliflər formalaşdırmaq, vətəndaşlarımızı, xüsusilə yeniyetmə və gəncləri müasir əmək bazarının tələbləri barədə maarifləndirmək və yönləndirməkdir. Əminəm ki, tədbirdə iştirak edən gənclərimiz bu gün müxtəlif sahələr üzrə peşəkarlarla tanış olacaq, müasir peşələr və onların tələbləri barədə ətraflı bilgi əldə edəcək, interaktiv təqdimatlar və məsləhət xidmətləri sayəsində öz maraq və bacarıqlarına uyğun düzgün peşə seçimi etməyə bir addım daha yaxınlaşacaqlar.

Daha sonra Milli Məclisin deputatı Nizami Səfərov və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev çıxış edərək bildirmişlər ki, “PeşəFest 2025”in ölkənin 11 iqtisadi rayonunu əhatə edən interaktiv karyera yönümlü layihədir. Festival gənclərə və yeniyetmələrə müxtəlif peşələri tanıtmağa, onlara peşə seçimində dəstək olmağa xidmət edir. Həmçinin  peşə təhsilinin iqtisadi inkişafda və məşğulluğun təmin olunmasında oynadığı roldan bəhs ediblər. Onlar gəncləri müasir tələblərə uyğun peşələrə yiyələnməyə, bacarıqlarını inkişaf etdirməyə çağırıblar.

Rəsmi hissədən sonra tədbir iştirakçıları festival çərçivəsində nümayiş olunan peşələrlə yaxından tanış olublar. Müxtəlif sahələr üzrə peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edərək, təmsil etdikləri peşələrin mahiyyəti, iş imkanları və gələcək perspektivləri barədə ətraflı məlumat veriblər. Təqdimatçılar festival iştirakçılarına peşə seçimi ilə bağlı faydalı tövsiyələr verib, gəncləri əmək bazarında rəqabətədavamlı kadrlar olmağa səsləyiblər.

Festivalda təşkil edilmiş, 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici stendlər, interaktiv zonalar, master-klaslar və maraqlı yarışmalar gənclərin böyük marağına səbəb olmuşdur.

Festival geniş konsert proqramı ilə başa çatıb.

Keçidlər