Tovuzda Ozan-aşıq, saz-söz sənəti nümayəndələrinin iştirakı ilə ədəbi-bədii gecə keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Nizami adına mədəniyyət evində Tovuz, Ağstafa, Qazax rayonlarından olan ozan-aşıq, saz-söz sənəti nümayəndələrinin iştirakı ilə ədəbi-bədii gecə keçirilib. Gecənin keçirilməsində əsas məqsəd aşıq sənətinin təbliğinə töhfə vermək, qədim saz-söz sənətinin inkişafına təkan vermək, gənc istedadların bu sənətə olan marağını daha da artırmaqdan ibarət olmuşdur.
Ədəbi-bədii gecədə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri, aşıq sənətinin vurğunları iştirak ediblər.
Gecəni giriş sözü ilə açan Məhərrəm Qasımlı qeyd edib ki, Azərbaycan xalqının milli musiqisinin iki sütünu var ki, onlardan biri muğam, digəri isə aşıq sənətidir. Tarixi ənənələrə malik olan Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliği və sənətə olan marağın artırılması üçün belə gecələrin təşkil olunması və bundan sonra da davam etdirilməsi vacibdir. M.Qasımlı möhtərəm Prezident İlham Əliyev tərəfindən Tovuzda açılışı həyata keçirilmiş Aşıq Sənəti Dövlət Muzeyinin ozan-aşıq sənətinin inkişafı üçün əhəmiyyətini və muzeyin açılışının aşıq sənətinə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqətin bir nümunəsi olduğunu vurğulamışdır.
Sonra Nurəddin Mehdiyev çıxış edərək aşıq sənətinin xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsi olduğunu bildirmişdir. O qeyd etmişdir ki, sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub və 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. N.Mehdiyev ölkədə mədəniyyət sahəsinin, o cümlədən aşıq sənətinin dünyada tanınması üçün görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Daha sonra gecənin ədəbi-bədii hissəsi başlamışdır. Tovuz, Ağstafa, Qazax rayonlarından olan aşıq sənətinin görkəmli nümayəndələrinin ifasında müxtəlif saz-söz nümunələri səsləndirilib. Təşkil olunan gecə iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.