Tovuzda Novruz bayramı təntənə ilə qeyd edilib
Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın milli-mənəvi dəyərlərini, zəngin adət-ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə möhtəşəm ümumrayon tədbiri keçirilib. Rayon ictimaiyyətinin, qonaqların və sakinlərin qatıldığı bayram şənliyi yüksək əhval-ruhiyyə, rəngarəng proqram və qədim ənənələrin müasir təqdimatı ilə yadda qalıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov tovuzluları və qonaqları Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək bildirib ki, Azərbaycanı qədim sivilizasiyanın mərkəzi kimi tanıdan misilsiz dəyərlərdən biri məhz Novruz bayramıdır. Ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı Novruz bayramının xalq arasında sevilərək yaşadılmasını təmin etmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruzun YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu dəyərin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, sosial rifahın yüksəldilməsinə yönələn siyasətin hər bir vətəndaşın həyatında mühüm rol oynadığı vurğulanıb.
Bayram tədbirinə xüsusi rəng qatan məqamlardan biri də Novruzun milli personajları – Dədə Qorqud, Bahar qızı, Kosa və Keçəlin iştirakı olub. Onlar faytonla şəhər üzrə bayram gəzintisi etdikdən sonra təntənəli şəkildə meydana daxil olaraq tədbir iştirakçılarını salamlayıb və rəmzi bayram tonqalı qalanıbdır. Kosa ilə Keçəlin məzəli deyişmələri, xalq yumoru elementləri ilə zəngin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Meydanın mərkəzində ucaldılan möhtəşəm tonqal ətrafında toplaşan sakinlər Novruzun qədim ənənələrinə uyğun olaraq bayramın rəmzi atributlarını yaşadıblar. Tədbir çərçivəsində təşkil olunan geniş “Novruz” sərgisi xüsusi maraq doğurub. Burada xalq sənətkarlığı nümunələri, milli mətbəximizin zəngin çeşidləri, şirniyyatlar, səməni kompozisiyaları, eləcə də qədim məişət əşyaları nümayiş etdirilib. Eyni zamanda, qədim el oyunları – kəndirdartma, güləş, papaqatdı, yumurta döyüşdürmə və digər ənənəvi yarışlar təşkil olunub, idmançı gənclərin qüvvə və məharəti tamaşaçılara təqdim edilib. Milli geyimlərdə olan iştirakçıların təqdimatları, folklor nümunələri və canlı səhnələr Novruz ruhunu tam dolğunluğu ilə əks etdirib.
Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri bayram meydanında qurulan guşələrlə yaxından tanış olub, şəhid ailələri, qazilər və rayon sakinləri ilə səmimi söhbətlər apararaq onları bayram münasibətilə təbrik ediblər. Bayram ab-havası şəraitində keçirilən bu görüşlər, səmimi ünsiyyət və birlik nümayişi tədbirə xüsusi ruh qatıb.
Tədbir daha sonra möhtəşəm konsert proqramı ilə davam etdirilib. Rayonun mədəniyyət və incəsənət kollektivlərinin, eləcə də tanınmış müğənnilərin iştirakı ilə təqdim olunan rəngarəng çıxışlar, milli musiqilər, rəqslər və səhnə nömrələri bayram şənliyini daha da canlandırıb.






